Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-39/2026 03.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Göygöl rayonu Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğu olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmiş, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-792/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 09 fevral 2014-cü il təvəllüdlü X5 və 04 iyul 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 may 2021-ci ildən hesablanmaqla hər ay sabit məbləğdə bir uşağa 120 manat, iki uşağa görə 240 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi Göygöl rayon icra və probasiya şöbəsinin icraatına 18 aprel 2025-ci ildə daxil olmuş və qərar qəbul edərək alimentin icrası üçün borcluya göndərilmişdir. Borclu tərəfindən icra sənədi üzrə müxtəlif tarixlərdə qismən ödənişlər aparılsada, icra sənədi üzrə tam öhdəlik yerinə yetirilməmişdir. Borclunun barəsində ilkin olaraq xx.xx.2025-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Göygöl Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 gün müddətinə həbs edilmişdir. Həbsdən sonra sentyabr, oktyabr, noyabr, dekabr, yanvar ayları üzrə borclu tərəfindən qismən ödənişlər edilmiş. Belə ki, borclu tərəfindən 14 sentyabr 2025-ci ildə 200 manat, 27 oktyabr 2025-ci ildə 240 manat, 27 noyabr 2025-ci ildə 200 manat, 28 dekabr 2025-ci ildə 200 manat, sonuncu dəfə 20 yanvar 2026-cı ildə 100 manat olmaqla, həmin aylarda qismən ödənişlər həyata keçirmişdir. Əlavə olaraq bildirdi ki, hal-hazırda icra sənədi üzrə ümumilikdə 6759 manat mələğində aliment borcu var. Borclunun barəsində əvvəlki inzibati qərar çıxarılan zaman 6399 manat borcu olmuş, növbəti aylarda 40 manatlar nəzərə alınıb, hazırda borc 6759 manat olmuşdur. Borclu inzibati qaydada tənbeh olunduqdan sonra onun borcu artmışdır. Borclunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Şəmkirə parnikə işləməyə getmiş, tələbkar yanvar ayının 20-i ona zəng vurub uşağın müəlliminə 200 manat pul verilməli olmasını, verilməsə uşağı məktəbdən çıxardacaqlarını bildirmişdir. Bu səbəbdən işləməyə getdiyi şəxsdən 100 manat alıb tələbkara göndərmiş, qalan pulu isə düzəldib göndərəcəyini söyləmişdir. İşləri alınmır, 15 manata fəhləlik edir. 5 manat maşına, 5 manat isə yeməyə verir və özünün 5 manat qazancı olur. Əlavə olaraq bildirdi ki, onun adına heç bir mülk yoxdur. Yanvar ayının pulunu bütöv şəkildə ödəyəcəkdi, lakin tələbkar 100 manatı istədiyi üçün tez göndərmiş, qalanını da göndərəcəkdi. Qalan 100 manatı bugün ödəmək istəmiş, Ruslan müəllim zəng vurub çağırmışdır. Yanvarda 240 manat ödəməli olmuş, lakin 100 manat ödəmişdir. Onun imkanı olmadığı üçün alimentini 240 manat tam ödəyə bilmir. Ona siqarəti əmisi oğlu, qonşular alır. Təzə çıxan 2.90 manat qiymətə olan “Briliant” marakalı siqarət alıb çəkir. Ona siqareti əmisi oğlu alır. 1 paçka siqarəti 3 gün çəkir. Onun “Samsung A13” markalı smartfon telefonu var. Həmin telefonu əmisi oğlu vermişdir. Əvəllər sadə telefon işlədib. Boşandıqdan sonra Samsung A13” markalı smartfon telefon işlədir. Orda-burda, Şəmkirdə parnikdə, evlərdə xəzəl təmizləyib pul qazanır. İş olmadığı üçün aliment o qədər yığılıb. Ayrıldıqan sonra barışıb 1 il birlikdə yaşayıblar. Həmin 1 il ərzində 2700 manat, yanında yaşadığı halda borc yazılıb. Borcundan 100 manat ödəyə bilər. Ona vaxt verilərsə hər ay borcundan 150-200 manat ödəniş edə bilər. Məhkəmədən borcunu hissə-hissə ödəməsi üçün ona vaxt verilməsini və inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında bildirdi ki, Şəxs dəfələrlə Moskvaya işə getməsini deyib, onun üzərindən axtarışı götürməsini istəmiş, o isə ona bir qadın kimi çox şanslar vermişdir. Alimentin məbləğini qaldırmır, hazırda aliment məbləği 240 manatdır, həmçinin başqa tələbləri yoxdur. 240 manat az aliment məbləğidir. Uşaqların ad günlərindən, bayramlardan, geyimindən, uşağın gündəlik təlabatlardan borclunun xəbəri yoxdur. Hər birini ana kimi o özü edir, onun özü işləmir azyaşlı körpəsi olduğu üçün uşaqlarını saxlayır. Borclu 240 manat alimenti güc bəla ilə ödəyir. O artıq heç bir ödəniş istəmir. Onun özü günü 20 manata ayakkabı sexində işləyir. Həftənin beş günü işdə olur. Həftə sonları çağırışla evlərə təmizliyə gedir. Övladı azyaşlı olduğu üçün qorxur, evdə qəfədanı çəkib üstünə tökər, uşaqdı aparar toka salar hər şey olar. Məsuliyyətin çoxusunu çiyninə götürüb. O uşağın hər şeyinə, oxumasına, təhsilinə diqqət edir. Qarşı tərəfə dəfələrlə demişdir ki, nə olsun 100-200 manat verir, heç olmasa bir dəfə gəlib uşaqları ilə maraqlansın. Uşaq artıq 10 yaşını keçib. Borcluya pul deyəndə yoxdu deyir. Bir uşağın məktəbə getməsi 500 manata başa gəlir. Həmçinin uşaqları əlavə kurslara qoyub. Borclu alimenti ödəməkdən, hələ borcun üzərinə borc yığılır. Uşaqlar hər zaman ataları ilə danışır. Axırıncı dəfə yanvar ayında ataları ilə danışıblar. Uşaqlar görüntülü hər zaman ataları ilə danışırlar. Uşqlar ata istəmirlər, nənə deyirlər. Şəxs aliment borcundan 500-600 manat ödəsə razılaşar. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında bildirdi ki, madənin sanksiyanın qərəzli yayınmadan söhbət gedir. Hazırda qərəzli yayınma yoxdur, belə ki borclunun özündən aslı olmayan səbəbdən ödəniş etmir. Fəhləlik edib, gündəlik yığdığı pulları ödüyüb, bugündə 100 manat gətirib onuda ödəniş edə bilər. Hesab edirlər ki, icra məmurunun qanuni göstərişindən qərəzli yayınma yoxdur. Borclu özündən aslı olmayan səbəbdən ödənişlər etməmişdir. Bu səbəbdən inzibati icraatın xitam olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, tələbkarı və barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında əlavə edilmiş Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(032)-791/2021 saylı icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanması üçün hər ay cəmi 240 manat pul alınaraq tələbkar X3 ödənilməldir. Borclu avqust ayında 8 gün həbsdən sonra hər ay ödənişlər edib. Hazırda 6759 manat borcu var. Borclu izahatında həbsdən sonra hər ay 200 manat, oktyabr ayında 240 manat aliment ödədiyini bildirmişdir. İş materiallarında əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin 12 oktaybr 2021-ci il tarixli, 2(032)-792/2021 saylı icra vərəqəsindən görünür ki, 09 fevral 2014-cü il təvəllüdlü X8 və 04 iyul 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün əvvəli 26 may 2021-ci ildən hesablanmaqla xx.xx.1987-ci ildə Xanlar rayonu, Qızılca kəndində anadan olmuş və Göygöl rayonu, Qızılca kəndində yaşayan cavabdeh Şəxs hər ay sabit məbləğində bir uşağa 120 manat, iki uşağa görə 240 manat məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 12 oktaybr 2021-ci il tarixli, 2(032)-792/2021 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)-342/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-792/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 09 fevral 2014-cü il təvəllüdlü X5 və 04 iyul 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 may 2021-ci ildən hesablanmaqla hər ay sabit məbləğdə bir uşağa 120 manat, iki uşağa görə 240 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)-342/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmış, borclunun hal-hazırda icra sənədi üzrə ümumilikdə 6759 manat mələğində aliment borcu vardır. Borclunun barəsində əvvəlki inzibati qərar çıxarılan zaman 6399 manat borcu olmuş, inzibati tənbeh edilməsinə baxmayaraq, borclunun borcu artmış və hazırda borc 6759 manat olmuşdur. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində borcun ödənilməməsi, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə hazırda borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 14:20-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-39/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-39/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver