Məhkəmə qərarları › İş №3(5-124)-5/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-5/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-5/2026 06.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, X1 xx.xx.2025-ci il tarixli, EQ 32283292 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X2 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli, EQ 32283292 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətə və əlavə edilmiş. Sənədlərə baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayətin təsvirində xx.xx.2025-ci il tarixli, EQ 32283292 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan şəxsin şikayətçi olması müəyyən olunsa da “xahiş etdi” hissəsi natamamdır, hansı inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi qeyd edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəyə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5-1-ci maddəyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32283292 nömrəli qərarın ləğv edilməsini xahiş etsə də, həmin inzibati tənbeh vermə haqqında qərarın surətini şikayətə əlavə etməmişdir. Şikayətinə mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarın surəti əlavə edilməmişdir. Belə olan halda qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək və məhkəməyə çağrılmalı şəxslərin dairəsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi qərarın surətini şikayətinə əlavə etməmiş və həmin qərar onun tərəfindən nə vaxt alınmasını ərizəsində göstərməməklə buna dair sübutu əlavə etməmişdir. Bundan əlavə şikayətə əlavə edilmədiyindən qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək mümkün deyildir. Şərh edilənlərə əsasən hesab edirəm ki, göstərilən çatışmazlıqlar olduğundan X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111, 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: X1 inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar