Məhkəmə qərarları › İş №3(5-124)-50/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-50/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-50/2026 23.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Göygöl rayon Yol Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə qəbul edilmiş TP ******* nömrəli 10 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Məhkəməsinin 3(5-121)-155/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat inzibati cərimə olunmasına dair Göygöl rayon Yol Patrul Xidməti inspektoru polsi serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati qaydada tənbeh vermə haqqında Azərbaycan Respublikası Göygöl rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli 10 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2026-cı il tarixdə saat 18:58 radələrində Göygöl-Quşqara yolu ərazisində CHEVROLET KRUZ minik markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən, işıq cihazlarının istifadə qaydalarının pozmasına görə nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticədə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 329.3 və 342.2 maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş və 150 manat məbləğində cərimə təyin edilmişdir. Avtomaşında irad tutulmuş normativ halların pozulması faktı müəyyən edilməmişdir. Belə ki, quraşdırılmış mübahisəli işıqların yerində polis inspektoruna sübut olaraq təqdim etmişdir ki, normativin tələblərinə uyğundur. Yəni, qarşıdan gələn nəqliyyat vasitələrinin üzünə işıqlar vurmur. Özü şəxsən avtomaşınının qarısında duraraq, işıqların yerə yaxın məsafədə vurduğunu sübut etmişdir. Həmin işıqlar dövlət standarlarına uyğundur və heç bir kustar üsulla hazırlanmamışdır. Gəncə şəhərində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat İmtahan Şöbəsində 4 ay əvvəl texniki baxışdan keçməyi sübut edir. Qərar qanunsuz qanunvericiliyin tələblərinə zidd çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən X4 çıxışında bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati xəta törətdiyi bildirilmişdir. O isə bildirir ki, normativ hallar qarşıdan gələn maşınlara işıq salanda pozulur, o, isə belə inzibati xəta törətməyib. Yol Patrul Xidməti əməkdaşı ilə məsələni həll edə bilməyiblər. Maşını müvəqqəti saxlama yerinə gətiriblər. Maşını götürən zaman rəis anlaşılmazlıq olduğunu bildirib, üzrxahlıq edib. Göygöl rayon Yol Patrul Xidməti əməkdaşı X6 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və təqdim etdiyi CD diskin iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 1 ədəd CD diskə baxış keçirilmişdir. Məhkəmə şikayəti və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, TP ******* nömrəli 10 yanvar 2026-cı il tarixli qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş TP ******* nömrəli 10 yanvar 2026-cı il tarixli qərarın surətindən məlum olur ki, qərara əsasən Göygöl rayon, Quşqara yolunda xx.xx.2026-cı il tarixdə saat 18:58-də CHEVROLET CRUZE MİNİK markalı 10TX447 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə; normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə) törədilməsinə görə 150 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Göygöl rayon Yol Patrul Xidməti X1 tərəfindən imzalanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələringöstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan protokolunda və əlavə edilmiş video materialda olan görüntüdən şəxs barəsində məhz pozuntunun nədən ibarət olmasına dair müfəssəl araşdırma apararaq qeyd etməmişdir. Quraşdırılmış mübahisəli işıqların normativ tələblərə uyğun olub-olmaması araşdırılmalı və müəyyən edilməli haldır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Göygöl rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə qəbul edilmiş TP ******* nömrəli 10 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Göygöl rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar