Məhkəmə qərarları › İş №3(5-125)-2/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-2/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-2/2026 21.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan “BMW 528i” markalı **-QU-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2025-ci ildə saat 15:40 radələrində Hacıqabul-Şirvan yolunda Hacıqabul istiqamətində hərəkətdə olarkən (yolda müəyyən olunmuş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli, EQ 32767069 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin vaxt o, heç bir YPX-nin əməkdaşı tərəfindən və ya hər hansı bir yol-patrul xidmətinin əməkdaşı onun idarə etdiyi **-QU-*** dövlət qeydiyyat nişanlı “BMW 528i” markalı avtomobilini saxlayıb protokol yazmamışdır. Belə ki, həmin vaxt həmin əraziyə aidiyyəti olmayan **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin nəqliyyat vasitəsi digər səbəblərə görə ərazidən keçib və YPX-nin nəqliyyat vasitəsinə quraşdırılmış E-patrul vasitəsi ilə barəsində İXM-nin 328.2-ci maddəsi ilə EQ 32767069 nömrəli inzibati protokol tərtib olunmuşdur. **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin nəqliyyat vasitəsinə quraşdırılmış Epatrul vasitəsi ilə məlumatları BDYPİ-nin mərkəzi informasiya sisteminin bazasına yerləşdirərək sürücünün ünvana göndərilir. Belə ki, sözügedən ərazidə **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin nəqliyyat vasitəsinin xidmət aparmaq səlahiyyəti yoxdur. Digər tərəfdən xx.xx.2025-ci il tarixli EQ 32767069 saylı elektron qərar qəbul etmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abduləlizadənin həmin qərarı qəbul edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamış və həmin DYPİnin Yol patrul xidməti əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “BMW 528i” minik markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-cü il tarixdə, saat 15:39-də Şirvan şəhəri Naxçıvan 5 istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşdığı üçün sürücü X2 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi e-patrul avtomobili ilə aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3- cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. "Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Həmin maddənin İİ bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 83-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Göründüyü kimi, qanunverici "xüsusi avadanlığı olan nəqliyyat vasitələri" (yol-patrul xidməti avtomobilləri) və "xüsusi texniki vasitələr" anlayışlarını fərqləndirmişdir. İXM-də nəzərdə tutulmuş yolda müəyyən olunmuş surət həddini aşmağa görə inzibati xətaların isə məhz xüsusi texniki vasitələr tərəfindən aşkar olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1–ci maddəsinə əsasən İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, şikayətçi tərəfindən inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “BMW 528i” minik markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 xx.xx.2025-cü il tarixdə, saat 15:39-də Şirvan şəhəri Naxçıvan 5 istiqamətində nəqliyyat vasitəsini 113 km/saat sürətlə idarə etməklə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddini aşmış, bununla da İXM-nin 328.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayətində və məhkəmə iclasında qərardan şikayət vermiş şəxs dislokasiya üzrə Yol Patrul Xidmətinin nəqliyyat vasitəsinin xidmət aparmaq səlahiyyətinin olmaması ilə çəkiliş aparmasını, bununla əlaqədar qərarın qanunsuz olmasını bildirsə də, həmin hal qərarın qanunsuz hesab edilərək ləğv edilməsi üçün, həmçinin sürücü tərəfindən yol hərəkəti haqqında qanunvericiliyin pozulması üçün əsas deyil və bu hal yol hərəkəti iştirakçısını yol hərəkəti qaydalarına riayət etmək öhdəliyindən azad etmir. Bu səbəbdən X2 barəsində qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 328.2-ci maddəsində “Yolda müəyyən edilmiş hərəkət sürətini 21- 40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32767069 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar