Məhkəmə qərarları › İş №3(5-125)-33/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-33/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-33/2026 09.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X7 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş 09 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 fevral 2026-cı il tarixdə saat 10 radələrində xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Göstərilənlərə əsasən H.A.Vəliyeva barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 izahatında göstərdi ki, Rəhimova X5 rayonu ərazisində səs-küy salaraq özünə benzin tökərək yandıracağını bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən Hacıqabul rayon Polis Şöbəsinə gətirilmişdir. Hacıqabul rayon Polis Şöbəsində olarkən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb ünvansız söyüşlər söyüb səsküy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Hacıqabul rayonu Talış kəndində yaşayır. Belə ki, ailədə yaranmış mübahisə zamanı onun gəlini və oğlunun qaynatası onu döyərək xəsarət yetirmişdir. Bu barədə axşam saatlarında 102 “XZM”-yə məlumat versə də, polis əməkdaşları hadisə yerinə gəlməmişdir. Hadisədən sonra isə, yenidən 102 “XZM”-yə zəng edərək özünü yandıracağını bildirmiş, daha sonra isə qaba benzin dolduraraq mağazanın önünə getmişdir. Burada qışqıraraq Rəfail adlı şəxsi çağırmalarını tələb etmiş, çünki bu hadisələrin baş verməsinə səbəb olan şəxs məhz Rəfail adlı şəxs olmuşdur. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onun olduğu ünvana gəlmiş və ondan özünü yandırmamasını tələb etmişlər. Həmin vaxtda Şəxs özünü yandırmaq üçün üzərinə benzin tökərkən tanımadığı Rəna adlı qadın plastik qabı onun əlindən almışdır. Daha sonra polis əməkdaşları onun üzərinə hücum çəkərək ona xəsarətlər yetirmişdir. Belə ki, onun sol qolunda sınıqlar meydana gəlmişdir. Bu zaman Şəxs oğlu hadisədən xəbər tutaraq öz avtomobili ilə hadisə yerinə gəlmiş və mobil telefonu ilə onları qeydə almışdır. Bu zaman polis əməkdaşları oğlunun əlindən telefonu alaraq onu da saxlamış və onları birlikdə avtopatrula əyləşdirərək polis şöbəsinə aparmışlar. Şəxs bildirdiyinə görə onlara polis şöbəsində də təziq göstərilmiş və oğlunu döymüşlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. Günorta saat 2 radələrində yaşlı bir qadın əlində içi benzin dolu plastik qab tutaraq onların müdürlərini çağırmışdır. Bu barədə şirkətin işçiləri dərhal 102 “XZM”-yə zəng edərək məlumat vermişdir. Daha sonra o, qadının əlindən plastik qabı alaraq özünü yandırmasının qarşısını almışdır. Həmin qadının oğlu hadisə yerinə gələrək mobil telefonla polis əməkdaşlarını çəkməyə başlamışdır. Heç bir şəxsə xəsarət yetirilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, "xxxx" MMC-də satış müdiri vəzifəsində çalışır. Hadisə ilə bağlı bildirmişdir ki, yaşlı qadın şirkətin yaxınlığında heç kimin ona yaxınlaşmamasını tələb etmiş, özünü yandıracağını bildirmişdir. Polis əməkdaşları gələrək onun qarşısını almışdır və əməkdaşlar kifayət qədər mülayim davranmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışır. Hadisə ilə bağlı bildirmişdir ki, yaşlı qadın şirkətin yaxınlığında heç kimin ona yaxınlaşmamasını tələb etmiş, özünü yandıracağını bildirmişdir. Polis əməkdaşları gələrək onun qarşısını almışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, X3 “İphone” markalı mobil telefonuna baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X4 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Bundan başqa, müəyyən olunur ki, Şəxs polis şöbəsində izahat verməkdən imtina etmiş və bu barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırda işin faktiki hallarından müəyyən edilir ki, 09 fevral 2026-cı il tarixdə saat 10 radələrində xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Həmin vaxt xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, Şəxs qanuni tələblərə məhəl qoymamış, israrla qışqırmağa davam etmişdir. Şahidlər ifadələrində həmin vaxt Şəxs polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq nalayiq ifadələri dayandırmadığını və polisin qanuni tələblərinə tabe olmadığını açıq şəkildə təsdiq etmişlər ki, bu da inzibati xəta protokolundakı qeydlərlə üst-üstə düşmüşdür. Məhkəmə bütün bu sübutları qarşılıqlı əlaqədə, təfsilatla araşdıraraq, Şəxs hərəkətlərinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmama kimi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməsini tam əsaslı saymışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ahıl yaşında olmasını məsuliyyətini yüngülləşdirən hal hesab etmişdir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra şöbəsinə həvalə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar