Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-34/2026 09.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Hacıqabul rayonu, Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2026-cı il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə ucadan qışqırıb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, Şəxs polis şöbəsinə dəvət edən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qoymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hazırda onun böyrək orqanları ağrıyır. Belə ki, o və anası polis şöbəsində olarkən anası polis rəisinin otağında, özü isə kabinetdə polis mayoru Taryel Səfərovla birlikdə idi. Taryel Səfərov onun üzünə sillə vurmuş, böyrək orqanının yerləşdiyi nahiyələrinə isə təpiklə ağır zərbələr endirmişdir. O, döyülməyinin səbəbini soruşduqda isə, ona bildirmişdir ki, polis əməkdaşlarından icazə almadan onların video çəkilişini aparmış və həmin çəkilişi isə başqa şəxsə göndərmişdir. Zərbələrin təsirindən o, huşunu itirərək yerə yıxılmışdır. Hadisə ilə bağlı bildirmişdir ki, ona tanışı zəng edərək anasının benzin alaraq getdiyini demiş və bu zaman o, öz növbəsində şəxsi avtomobilinə əyləşərək Rəfael adlı şəxsin mağazasının önünə gəlmişdir. Çünki anası bundan əvvəl bir neçə dəfə ora gedərək Rəfael adlı şəxsin qanunsuz hərəkətlərinə etiraz etmişdir. Mağazanın qarşısına çatdıqda anasının yerdə olduğunu və polis əməkdaşlarının onun ətrafına yığışdığını görmüşdür. Həmin an özünü itirərək polis əməkdaşlarına etiraz etmiş və mobil telefonu ilə video çəkiliş aparmışdır. Polislər ona yaxınlaşaraq telefonunu əlindən almış və onları avtopatrula əyləşdirərək polis şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, polis mayoru Taryel Səfərovdan qorxur. Çünki polis mayoru Taryel Səfərov ona bildirmişdir ki, inzibati həbs edildiyi zaman həbsetmə yerində ona işgəncələr verəcəkdir. Bu səbəblə polis şöbəsində onun sağlamlığına zərər yetirildiyi və ya öldürüldüyü təqdirdə polis mayoru Taryel Səfərovun məsuliyyət daşıması barədə ərizəsinin alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və qayınatası arasında şəxsi münasibətlərdən irəli gələn mübahisələr yaranmışdır. Bu zaman da onun anası həmin mübahisəni özü həll etmək üçün tikinti materiallarının satışı ilə məşğul olan mağazanın önünə gələrək özünü yandıracağını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs da hadisə yerinə gələrək video çəkiliş aparmışdır. Onun əməlində İXM-nin 535.1-ci maddəsinin dispozisiyasının tərkib əlamətləri yoxdur və bu səbəblə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. Günorta saat 2 radələrində yaşlı bir qadın əlində içi benzin dolu plastik qab tutaraq onların müdürlərini çağırmışdır. Bu barədə şirkətin işçiləri dərhal 102 “XZM”-yə zəng edərək məlumat vermişdir. Daha sonra o, qadının əlindən plastik qabı alaraq özünü yandırmasının qarşısını almışdır. Həmin qadının oğlu hadisə yerinə gələrək mobil telefonla polis əməkdaşlarını çəkməyə başlamış və nalayiq ifadələr səsləndirmişdir. Hadisə zamanı heç bir şəxsə xəsarət yetirilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-də satış müdiri vəzifəsində çalışır. Hadisə ilə bağlı bildirmişdir ki, yaşlı qadın şirkətin yaxınlığında heç kimin ona yaxınlaşmamasını tələb etmiş, özünü yandıracağını bildirmişdir. Polis əməkdaşları gələrək onun qarşısını almışdır və əməkdaşlar kifayət qədər mülayim davranmışdır. Həmin qadının oğlu hadisə yerinə gələrək mobil telefonla polis əməkdaşlarını çəkməyə başlamış və nalayiq ifadələr səsləndirmişdir. Hadisə zamanı heç bir şəxsə xəsarət yetirilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışır. Hadisə ilə bağlı bildirmişdir ki, yaşlı qadın yerdə uzandığı zaman onun oğlu gələrək çəkiliş aparmağa başlamış və nalayiq ifadələr səsləndirmişdir. Polis əməkdaşları onun qarşısını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis mayoru Taryel Səfərov izhatında bildirmişdir ki, o, Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində çalışır. Belə ki, onlara məlumat daxil olmuşdur ki, Hacıqabul rayonu ərazisində yaşlı qadın özünü yandırmaq istəyir. Onlar dərhal hadisə yerinə gəlmiş və onu sakitləşdirməyə çalışmışdır. Həmin qadının əlindən kibrit qutusu və benzin alındıqdan sonra onun oğlu avtomobili ilə hadisə yerinə gəlmiş, anasına kömək məqsədi olmadan çəkiliş aparmışdır. Sözügedən situasiya həmin şəxs və onun anası tərəfindən əvvəlcədən planlanmışdır. Q.Aslan polis əməkdaşlarına ünvanlı və ünvansız olmaqla təhqirlər səsləndirmiş, səs-küy salmaqla asayişi pozmuşdur. Polis şöbəsində olarkən də hərəkətlərini davam etdirmiş və polis işçilərinin iş rejimini pozmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs “İphone” markalı mobil telefonuna baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs polis şöbəsinə izahat verməkdən səbəbsiz olaraq imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırda işin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə ucadan qışqırıb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Həmin vaxt xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, Orxan Vəliyev bu qanuni tələblərə məhəl qoymamış, israrla qışqırmağa davam etmişdir. O, polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq nalayiq ifadələri dayandırmadığını və polisin qanuni tələblərinə tabe olmadığını açıq şəkildə təsdiq etmişlər ki, bu da inzibati xəta protokolundakı qeydlərlə üst-üstə düşmüşdür. Məhkəmə bütün bu sübutları qarşılıqlı əlaqədə, təfsilatla araşdıraraq, Şəxs hərəkətlərinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmama kimi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməsini tam əsaslı saymışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil hesabına 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülsün. (Bank rekvizitləri: X12 Hacıqbul filialı; Kod: 200639; VÖEN **********; Muxbir hesabı; **********944; S.W.İ.F.T BİK: AİİBAZ 2X; Hesab adı: Vəkil. h/hesabın №-si ********************; VÖEN: **********). Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(5-125)-34/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-34/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver