Məhkəmə qərarları › İş №3(5-125)-64/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-64/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-64/2026 17.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs özünə məxsus mobil telefonunda “Pinup” adlı kazino oyununda öz adı ilə qeydiyyatdan keçərək qumar oyunları oynayaraq pul qazanmışdır. Nəticədə, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmə səbəbinin üzrlü səbəbləri və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli etiraf edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir neçə ay öncə sosial şəbəkələrdə “Pinup” adlı onlayn kazino reklamı görmüş, həmin reklam vasitəsilə sayta daxil olaraq qeydiyyatdan keçmişdir. Daha sonra həmin oyun hesabına müəyyən məbləğlərdə depozit edərək 150 manat məbləğində pul qazanmışdır. Bir müddət sonra həmin əməlin qanunsuz olduğunu bilib sözügedən tətbiqi hesabından silmiş və bir daha onlayn kazino oyunları oynamamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2026cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Hacıqabul RPŞ-nin TBnin təhqiqatçısı Tural Namazov tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, raport əsasında toplanmış materialda əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən tədbir görülməsi üçün Hacıqabul RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmçinin qərarda qeyd edilmiş Şəxs izahatından görünür ki, o, Hacıqabul şəhəri Ş.İ.Xətai küçəsi ev 4, mənzil 7-də ailə üzvlərilə birlikdə yaşayır. Hazırda işləmir. 5-6 ay bundan əvvəl “internet provayderində google chrome” keçid edərək “PinUp” mərc oyunlarına özünə məxsus ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçərək “M10” hesabına 3-5 manat pul yükləyərək orada olan qumar oyunlarına qoşularaq müxtəlif oyunlar oynayaraq 25-30 manat pul qazanmışdır. Təxminən 1 ay bu oyunları, yəni “PinUp” oyununda pul qoyaraq oradakı müxtəlif tanımadığı şəxslərə məxsus bank kartlarına kiçik məbləğlər yükləyərək oynamışdır. Həmin bank kartlarına öz “M10” hesabımdan pul göndərmişdir. Qumar oyunları oynamağın qanunsuz olduğunu bilsə də, həmin oyunlardan pul qazandığı üçün 1 ay davam edərək oynamışdır. Lakin sonradan bu oyunların oynanılması üçün cərimə olacağını eşitdikdən sonra həmin oyunu bir daha oynamamışdır. İş materiallarında olan elektron ödəniş qəbzlərinin surətlərindən müəyyən edilir ki, Şəxs özünə məxsus kart hesabından “M10” elektron pul kisəsinə xx.xx.2025-ci il tarixdə, saat 18:58-də 8 manat, xx.xx.2025-ci il tarixdə saat 22:50-də 9 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə “M10” elektron pul kisəsi hesabından özünə məxsus kart hesabına 150 manat məbləğində pul köçürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 525-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun törədilməsi hallarını, onun əvvəllər analoji xətaya görə inzibati məsuliyyətə cəlb edilməməsini, əməlindən səmimi peşman olmasını, eyni zamanda əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş pul vəsaiti müsadirə edilməklə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və qumardan qazanılmış 150 (yüz əlli) manat məbləğində pul vəsaiti müsadirə edilməklə barəsində 3000 (üç min) manat cərimə təyin edilsin. Qərarın icrası Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar