Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-13/2026 22.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Xaçmaz RPŞ DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP_7709935 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, Yergüc kəndində yaşayır, Qarabağ müharibəsi veteranıdır. Belə ki, təsərrüfatında olan xırdabuynuzlu heyvanları otarmaq üçün çıxarmış və yolu keçmək istəyərkən Xaçmaz şəhəri istiqamətindən gələn avtomobil qoyunları vurmuşdur. DYPB-də izahat vermiş və qeyd olunan maddə ilə özünü təqsirli bilməmişdir. Ondan ötrü ki, o, heyvanları nəzarətsiz buraxmamışdır. Lakin avtomobil yüksək sürətlə hərəkətdə olmuşdur. Həmin ərazidə sürət həddi isə 60 km/saatdır. Eyni zamanda hadisə havanın qaranlıq vaxtı baş vermişdir. Həmçinin heyvanları yoldan keçirmək üçün xüsusi yer yoxdur. Hadisə zamanı 3 baş qoyunu tələf olmuş və nəticədə 1200 manat ziyan dəymişdir. O, hər iki tərəfə zərər dəydiyini nəzərə alaraq, hər iki tərəfə 500 manat olmaqla zərəri ödəməyi təklif etmişdir. O, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, havanın qaranlıq vaxtı avtomobil onun idarəetməsində olmaqla Xaçmaz şəhərindən hərəkətdə olduğu zaman hadisə baş vermişdir. Belə ki, dairəvi yola yaxın məsafədə yolun bir tərəfi çökək olduğu üçün qoyunları qəfil toqquşma anında görmüş və qoyunları öz yolundan vurmalı olmuşdur. Hadisə zamanı avtomobilə ziyan dəymişdir. Məsələ ilə bağlı ziyan aktı tərtib edilmişdir. Həmçinin qeyd etmişdir ki, avtomobil əmisinin mülkiyyətindədir, onu etibarnamə ilə idarə edir. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP_7709935 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli “Ziyan aktı”ndan, Yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən müəyyən edilir ki, “OPEL ZAFİRA” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsinin nəticəsində ümumilikdə 1245 manat ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:15 radələrində sürücü X4 etibarnamə ilə idarə etdiyi “Opel” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Şəxs otardığı xırdabuynuzlu heyvanlar nəzarətsiz qaldığından sürücünün qarşısına çıxmış və nəticədə yol hərəkəti qaydaları pozulmuş və avtomobilə ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130, 338.7-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-13/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-13/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver