Məhkəmə qərarları › İş №3(5-126)-160/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-160/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-160/2026 09.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X11 iclas katibliyi, Qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 xx.xx.2026-ci il tarixli, MN № ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarın surəti ev ünvanına poçt vasitəsilə xx.xx.2026-cı il tarixdə çatdırılmışdır. Həmin qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, uzun müddətdir qonşuluğunda yaşayan X12 ilə münasibətləri pozulmuş, qonşusu ondan əsassız olaraq Xaçmaz Rayon Məhkəməsinə şikayət edərək bildirmişdir ki, guya o, ictimai yolun bir hissəsini zəbt etmiş və nəticədə yol daralmışdır. Çox təəssüf ki, məhkəmə Əmrah Şeydayevin əsassız şikayətini təmin edərək qərarında göstərmişdir ki, yolun daralmış hissəsi bərpa edilsin. Əmrah Şeydayev öz əlaqələrindən istifadə etməklə məhkəmənin həmin mücərrəd qətnaməsini Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlova icra etdirərək, onun torpaq sahəsinə mişar daşından çəkilmiş hasarını traktorla dağıltdırmışdır. X18 özü ictimai yolun bir hissəsini zəbt edərək öz həyatyanı torpaq sahəsinə qatmışdır. Hal-hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatında oğlu X4rşı zəbt olunmuş yolun bərpasına dair iddiası üzrə mülki iş vardır. İş üzrə keçirilmiş, ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, həqiqətən də Əmrah Şeydayev yolun bir hissəini zəbt etmişdir. 2025-ci il dekabr ayının ortalarında Nərəcan Bələdiyyəsinin sədri ona bildirmişdir ki, Əmrah Şeydayev səndən şikayət edir ki, torpaq sahəsinin kənarında yerləşən söyüd ağacın budaqları onun torpaq sahəsinin divarına söykənir və həmin budaqların kəsilməsini tələb edir. Həqiqətən də onun torpaq sahəsini içərisində qurumaqda olan bir söyüd ağacı vardır. Həmin ağacın budaqları qurumuş, ağacın özü içindən çürüyür. Yola tərəf və Əmrah Şeydayevin hasarı istiqamətində ağacın çürümüş budağından zoğlar çıxmışdır. xx.xx.2025-ci il tarixdə o, həmin zoğları kəsmişdir. xx.xx.2025-ci il tarixdə evinə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri gəlmiş və bildirmişlər ki, qonşusu Şeydayev Əmrah telefonla onlara məlumat vermişdir ki, “pay torpağındakı söyüd ağacı kəsmisən”. O da həmin şəxsləri söyüd ağacın zoğlarını kəsdiyi yerə aparmışdır. Həmin baxış keçirib çıxıb getmişlər. xx.xx.2026-ci il tarixdə ev ünvanına 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 onun barəsində tərtib etdiyi xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar daxil olmuşdur. Həmin qərarda qeyd olunur ki, guya Xaçmaz rayonu, Şıxlı kəndi ərazisində meşə fonduna daxil olmayan söyüd ağacını kəsmişdir. Yuxarıda qeyd etdiyi kimi, o söyüd ağacını kəsməmişdir. Həmin ağac köhnə olmaqla, demək olar ki, tam çürümüş və yalnız gövdəsi qalmışdır. Onun budaqları qurumuş və yalnız yola tərəf olan hissədə qurumuş budağın kənarlarından zoğlar əmələ gəlmişdir. O, həmin zoğları kəsmiş, ağacın gövdəsinə toxunmamışdır. Həmin hal-hazırkı şikayətə əlavə etdiyi foto şəkildən də açıq aydın görünür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 onun İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2026-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, bələdiyyənin sədri ona bildirmişdir ki, qonşusu söyüd ağacının budaqları torpaq sahəsinə keçdiyi üçün ondan şikayət etmiş, həmin budağı kəsməlidir. Öz torpaq sahəsində əkdiyi söyüd ağacını kökündən deyil, qonşunun ərazisinə keçən budağını kəsmişdir. Ekologiya İdarəsinin nümayəndələri baxış keçirmişlər və onlara həqiqətən də həmin ağacın gövdəsinin çürüməsini göstərmişdir. O, xəstədir, 400 manat pensiya alır. O, şikayətinin təmin edilməsini və cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, şikayətçinin qonşusu qaynar xəttə zəng edərək şikayət etmiş və onların tərəfindən qeyd olunan əraziyə şikayətçinin iştirakı ilə baxış keçirilmişdir. Şikayətçinin qonşusunu dəvət etdikdə Bakı şəhərində olduğunu və iştirakı olmadan yerində baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Söyüd ağacı pay torpaq sahəsində yerləşməsinə baxmayaraq şikayətçi meyvə ağacı deyil, meşə tipli ağacı kəsdiyi üçün barəsində cərimə tətbiq olunmuşdur. Belə ki, vətəndaş bələdiyyə vasitəsilə Ekologiya İdarəsinə müraciət etdikdən sonra yerində baxış keçirib müayinə edərək, X17 Agentliyinə məktubla müraciət olunur, ağacın bütöv, yaxud qismən kəsilib götürülməsi barədə qərar qəbul edilir. O, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, 094315 nömrəli “Akt”dan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müraciət əsasında həmin əraziyə yerində baxış keçirilərkən bir ədəd söyüd cinsindən olan 34 sm diametrində ağacın və iki ədəd tut cinsindən olan meyvə ağacının kəsilməsi faktı aşkar olunmuşdur. Aparılan araşdırma zamanı həmin ağacların kəsildiyi ərazi Xaçmaz rayonu, Krasnı-Xutor kənd sakini xx.xx.1947-ci il təvəllüdlü X5 xüsusi mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsi olduğu və Məlikməmməd Bağırov tərəfindən kəsildiyi müəyyən edilmişdir. Məlikməmməd Bağırov yazılı izahatında ağacları özü kəsdiyini etiraf etmiş və həmin əməlin qanunsuz olduğunu bilmədiyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Xaçmaz rayonu, Şıxlı kəndində X8 özünə məxsus xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində köküstə yaş vəziyyətdə olan söyüd ağacını kəsmişdir. - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X3 rayonu, Şıxlı kəndi ərazisində meşə fonduna daxil olmayan yerdə söyüd ağacını kəsmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X19 tərəfindən barəsində İXM-in 253.2-ci maddəsinə əsasən 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı 0.59 ha (Reyestr: **********39) torpaq sahəsinin mülkiyyətçisi X6r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, tərəflərin məhkəmə iclasındakı izahatlarını, iş materiallarına əlavə edilmiş sənədləri və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, şikayətin hüquqi və faktiki əsaslardan məhrum olduğu və təmin edilməməli olduğu qənaətinə gəlir. İşin hallarından müəyyən edilmişdir ki, X8 qanunvericiliyin tələblərini pozmuş, Xaçmaz rayonu, Şıxlı kəndi ərazisində meşə fonduna daxil olmayan xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində söyüd ağacını kəsərək İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilərək şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə edilmişdir. Bu fakt şikayətçinin özü tərəfindən də etiraf olunur və iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun öz izahatı, iş materiallarına əlavə edilmiş sənədlər və qanunvericiliyin yuxarıda təhlil edilən normalarının məcmusu ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, şikayətçinin izahatlarında inzibati xətanın törədilməsi faktının etiraf olunduğunu, irəli sürülən dəlillərin isə məsuliyyətdən yayınmağa yönəldiyini və işin faktiki hallarını dəyişdirmədiyini müəyyən edir. Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə olan təqdirdə, şikayət təmin edilmədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və həmçinin X2 tərəfindən əsaslı sübutlar göstərilmədiyindən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 07 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar