Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-169/2026 26.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Xaçmaz rayonu, Qədmalı- Qışlaq kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Qədmalı-Qışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, borclu Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3750 manat aliment borcunu ödəməyərək inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində inzibati xəta törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 200 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq 50 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Sonuncu dəfə 2025-ci ilin avqust ayında ödəniş edilmiş və hazırda borclunun 3750 manat aliment borcu vardır. Şəxs hazırda ödəniş edə biləcəyini bildirmişdir. Lakin tələbkar borcu tam ödənilməsini tələb etmişdir. O, borclunun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, ödəniş etməyə maddi imkanı yoxdur. Hazırda özünə məxsus 1 baş inəyi satıb pulunu - 1500 manatı borcu ödəməyə gətirmişdir. Valideynləri ilə birgə yaşayır və fəhlə işləyir. O, hər ay 250 manat aliment ödənişlərini edəcəyini və qalan aliment borcunu isə avqust ayında ödəyəcəyini bildirmişdir. O, qeyd edilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, borclu 3 ildir borcu ödəməmişdir. Həmçinin qeyd etmişdir ki, borclunun anası onun dayısı qızıdır, buna görə də ona məlumdur ki, hər bir maddi imkanı vardır. Borclun yarısını yəni, 1875 manat məbləğində ödəniş edərsə, qalan məbləği isə 1 ay müddətinə ödəməsinə razıdır. Belə olacağı təqdirdə şəxs barəsində inzibati tənbeh verilməməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 24 may 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2024-cü ildən başlayaraq hər ay Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq 50 manat məbləğ tutulsun. - MN seriyalı, 2328447, 26 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini təkrarən yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. - xx.xx.2025-ci il tarixdə borcluya cinayət məsuliyyətinə cəlb olunması haqqında “Xəbərdarlıq” məktubu təqdim edilmişdir. - “eManat” ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcundan 1750 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs Fərrhad oğlunun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin bir il ərzində hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Materiala əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs tələbkara olan aliment borcundan ödənişlər edir, yığılıb qalan aliment borcunu isə yaxın zamanda ödəyəcəyinə söz verir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olası, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Belə ki, icra məmuru tərəfindən borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs Frəhad oğlunun icra sənədi üzrə müəyyən ödənişlər etməsi onun icra sənədindəki tələbin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən qərəzli olaraq icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Məhkəmə hesab edir ki, borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini, həmçinin şəxsin hazırda 1750 manat ödəniş etməyə hazır olduğunu bildirməsini və qalıq qalan borcu isə yaxın zaman ərzində ödəyəcəyinə dair vəd verməsini barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Hazırkı halda Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə bir il ərzində təkrar icra edilməməsi faktı aşkar edilməmişdir. Həmçinin, işdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcu ödəməkdən qəsdən yayınma halları təsdiq olunmur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 528.1-1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-169/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-169/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver