Məhkəmə qərarları › İş №3(5-126)-20/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-20/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-20/2026 12.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən X3 barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 Rayon Məhkəməsinin 2(067)- 1622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 12200 manat borc məbləğini ödəməkdən yayınmış və icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, X7 barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş protokolu müdafiə edərək bildirmişdir ki, X1 Rayon Məhkəməsinin 2(067)-1622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 12200 manat borcu ödəməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, şəxs Xaçmaz Rayon Məhkəməsinin 1(067)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən aliment borcunu ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin bu hala rəğmən yenidən ödənişlərdən yayınmışdır. Nəticədə xx.xx.2026-cı il tarixdə şəxsin yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixdə tutularaq şöbəyə təhvil verilmişdir. Hazırda tələbkar borcun tam ödənilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Sonuncu dəfə 2025-ci ilin sentyabr ayında ödəniş etmişdir. Lakin vaxtaşırı uşaqları üçün pal-paltar aldığını, ona bildiriləndə ehtiyaclarını ödəməyə çalışır. Fevraldan yeni işə başlayacağını, möhlət verilsə ondan sonra ödəniş edə biləcəyini bildirmişdir. Bir müddət cinayət məsuliyyətinə cəlb edildiyi üçün ödənişləri edə bilməmişdir. Yenidən həbs edilsə yenə də ödəniş edə bilməyəcək. İşə başlayandan sonra ödənişlərdən yayınmayacağını bildirmiş, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay uşaq üçün cəmi 100 (yüz) manat olmaqla, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, 2(067)-1622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin X7 tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X7 barəsində axtarış elan edilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, icra sənədlərinin surətlərini, məhkəmə iclasında verilən izahatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, X3 əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş icra sənədi üzrə borclu olan X7 üzərinə qoyulmuş borc öhdəliyini uzun müddət ərzində icra etməkdən yayındığı üçün 12200 manat məbləğində aliment borcu yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə qərarlarının icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər təqdim edilsə də, icra sənədlərində göstərilən tələblər bu günədək icra olunmamışdır. Borclunun bu davamlı hərəkətsizliyi, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edir. Barəsində icraat aparılan şəxs X7, borclarını hazırda işləməməsi və iş yerinin bağlı olması, bu səbəbdən ödəyə bilməməsini bildirmişdir. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Borclu öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qərarının icrası hamı üçün zəruridir. Daha sonra çağırışlardan yayındığı barəsində axtarış elan edilmişdir. Bu isə onun borcların ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. İnzibati tənbeh tədbirinin növünü və həddini təyin edərkən, məhkəmə İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq, X3 əməlində məsuliyyəti yüngülləşdirən hər hansı bir hal müəyyən etməmişdir. Məhkəmə iclasında İXM-nin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsi inzibati tənbehin məqsədinin həm də şəxsin islah olunması və yeni xətaların qarşısının alınması olduğunu təsbit edir. Zərərçəkmiş şəxsin tələbləri də göstərir ki, borclunun hərəkətsizliyi onların qanuni mənafelərini ciddi şəkildə pozmaqda davam edir. Bütün bu halların məcmusunu – törədilmiş xətanın davamlı və inadkar xarakterini, məsuliyyəti ağırlaşdıran halın mövcudluğunu, əvvəl tətbiq edilmiş tənbehin təsirsizliyini, zərərçəkmiş şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını və borclunun islah olunmağa meylli olmamasını – nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin təkrar tətbiqi qeyri-effektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. X7 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 12 yanvar 2026-cı il tarixdən, saat 13:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar