Məhkəmə qərarları › İş №3(5-126)-214/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-214/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-214/2026 30.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonu, Pirqulu-oba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonu, Pirqulu-oba kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs barəsində olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməli olduğu halda, 1 il ərzində təkrar inzibati xəta törədərək 3972 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1330/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin dərhal icrası barədə iş üzrə borclu Şəxs təqdim olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 8(067)-578/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddində müəyyən edilmişdir. Hal-hazırda borclunun 3972 manat aliment borcu vardır. Borclu bu günə qədər aliment borcundan cəmi 3700 manat ödəniş etmişdir. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunsa da, borcunu ödəyə bilmədiyini bildirmişdir. Bu səbəbdən borclu barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Borclu sonuncu dəfə xx.xx.2025-ci il tarixində 400 manat məbləğində ödəniş etmişdir. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsini buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun 2025-ci ilin sentyabr ayında çiyni sındığı üçün işləyə bilməmişdir. Hazırda 3 gündür işə düzəlmişdir. Bu gün 200 manat ödəniş edəcəkdir və bu aydan sonra aliment ödənişlərini vaxtlı-vaxtında ödəyəcək, yay mövsümündə isə aliment borcunu tam bağlayacaqdır. Hazırda ailə qurmuş, 3 övladı vardır. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, borclu X1 Rayon Məhkəməsinin 2(067)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar bir il müddətdə təkrar inzibati xəta törətdiyinə görə aliment borcu 3972 manat yaranmışdır. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1330/2022 saylı və icra vərəqəsindən müəyyən edilir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit məbləğdə aliment tutularaq iddiaçı X4 ödənilməlidir. - Xaçmaz Rayon Məhkəməsinin 8(067)-578/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. - xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borcluya 22 iyul 2022-ci il tarixli “Xəbərdarlıq” məktubu təqdim edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, icra sənədlərinin surətlərini, məhkəmə iclasında verilən izahatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş icra sənədi üzrə borclu olan Şəxs üzərinə qoyulmuş borc öhdəliyini uzun müddət ərzində icra etməkdən təkrarən yayındığı üçün 3972 manat məbləğində aliment borcu yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə qərarlarının icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər təqdim edilsə də, icra sənədlərində göstərilən tələblər bu günədək icra olunmamışdır. Borclunun bu davamlı hərəkətsizliyi, İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edir. Barəsində icraat aparılan şəxs Şəxs borclarını hazırda qolunun sınması nəticəsində işləmədiyi və iş yerlərinin bağlı olması səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. Şəxs qolunun sınması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Borclu öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qərarının icrası hamı üçün zəruridir. Dəfələrlə dəvət olunub izahatlarının alınmasına baxmayaraq, şəxs ödənişlərini etməmişdir. Bu isə onun borcların ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. İnzibati tənbeh tədbirinin növünü və həddini təyin edərkən, məhkəmə İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, İXM-nin 32 və 33-cü maddələrinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İXM-nin 21-ci maddəsi inzibati tənbehin məqsədinin həm də şəxsin islah olunması və yeni xətaların qarşısının alınması olduğunu təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 8 iyun 2022-ci il tarixli Qərarına əsasən İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquqpozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. Bütün bu halların məcmusunu – törədilmiş xətanın davamlı və inadkar xarakterini, əvvəl tətbiq edilmiş tənbehin təsirsizliyini, zərərçəkmiş şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını və borclunun islah olunmağa meyilli olmamasını – nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin təkrar tətbiqi qeyri-effektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Pirqulu-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 yanvar 2026-cı il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar