Məhkəmə qərarları › İş №3(5-126)-313/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-313/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-313/2026 13.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz Rayon Polis X4 X1-Təcrübə üzrə baş inspektoru, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1960-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs İXM-in 332.5-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Xaçmaz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 332.5ci maddəsi ilə 13 fevral 2026-ci il tarixli, İXP_7824459 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, səhər saat 09:10 radələrində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Şəxs 27TA089 qeydiyyat nömrəli, “QAZ A64R42 10” avtobus markalı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış, yoxlama zamanı şəxsin 65 yaşı olmasına baxmayaraq “D” kateqoriyalı avtomobil idarə etdiyi müəyyən edilmişdir. Ümumi istifadədə olan nəqliyyat vasitəsində olan sərnişinlər sonuncu dayanacaq məntəqəsində düşürüldükdən sonra avtomobil yol hərəkətindən kənarlaşdırılaraq saxlanca yerləşdirilmişdir. Bununla bağlı Şəxs izahatı alınmış, avtomobilin ona "xxxx" MMC tərəfindən təqdim olunduğunu, təxminən 2 aydır ki, sürücülük fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Şəxs barəsində İXM-in 332.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirmişdir ki, sürücü çatışmazlığı olduğu üçün onu dəvət etmişlər və maddi imkanı aşağı vəziyyətdə olduğu üçün təklifi qəbul etmişdir. Törətdiyi əmələ görə özünü təqsirli bilir və əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, İXP_7824459 nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs tərəfindən İXM-in 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xaçmaz rayonu Yol patrul inspektoru, polis serjantı X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. - "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş etibarnamədən müəyyən edilir ki, "xxxx" MMC-nin balansında olan “QAZEL” markalı, 27TA089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək (sürmək) etibar edilmişdir. Etibarnamə xx.xx.2026cı il tarixədək qüvvədədir. - xx.xx.2026-cı il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə “Akt”dan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin YPX-nin inspektoru Cahid Mahmudov tərəfindən “QAZ A64R42 10” 27TA089 dövlət nömrə nişanlı avtobus (Şəxs) xx.xx.2026-cı il tarixdə, saat 09:30-da duracağa yerləşdirilmişdir. İş materiallarında olan audio-video diskdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan “QAZ A64R42 10” avtobus markalı, 27TA089 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Xaçmaz RPŞ-nin DYPBnin əməkdaşları tərəfindən saxlanılmış və nəqliyyat vasitəsinin sürücüsü Şəxs 65 yaşdan yuxarı həddə olduğu, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi aşkar edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 34-1. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Maddə 332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərnişin daşımaqla idarə etməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əmələ görə özünü təqsirli bilərək əməlindən peşmançılıq hissi keçirməsini və yaşını barəsində məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs barəsində məsuliyyəti ağırlaşdıran halları müəyyən etməmişdir. İXM-in 30.2-ci maddəsinin tələbləri baxımından şəxsin 65 yaşına çatması onun barəsində 332.5-ci maddədə nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edir. Həmçinin həmin Məcəllənin 34-1-ci maddəsi isə bu kateqoriya şəxslər tərəfindən inzibati xəta törədildiyi zaman onlar barəsində inzibati həbs əvəzində 200 manatdan 500 manatadək cərimə edilmə imkanını da nəzərdə tutur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, yəni törətdiyi əmələ görə özünü təqsirli bilərək əməlindən peşmançılıq hissi keçirməsini və yaşını, eyni zamanda barəsində məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh əvəzinə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi nəzərə alınmaqla barəsinə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar