Məhkəmə qərarları › İş №3(5-126)-353/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-353/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-353/2026 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 12 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X5 Təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 göstərdi ki, Şəxs 12 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs dəfələrlə bu hərəkətlərə yol vermiş, dəfələrlə onunla profilaktik söhbətlər aparmasına baxmayaraq heç bir müsbət nəticə çıxarmamışdır. Yaxın günlərdə də Şəxs yenidən evdə münaqişə yaradaraq keçmiş arvadı Zərərçəkmiş şəxs döymüş və həmin fakt üzrə də Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. 12 oktyabr 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən evində evlə bağlı keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Natəvan onun üzərinə gəlmiş və onu vurmaq istəyərkən o, özünü qorumaq üçün Natəvanın əlindən tutub sıxmışdır. Lakin onu qəsdən döyməmişdir. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs onun keçmiş əridir. İlqarla cari ilin yanvar ayında boşanmışdır. O, İlqarla rəsmi olaraq boşansa da, onlar bir ünvanda yaşayırlar. Belə ki, yaşadıqları evin rəsmi sənədləri hələ ki, hazır olmadığı üçün onlar evi sata və ya məhkəmə yolu ilə bölə bilməmişlər. İlqar mütəmadi olaraq onu narahat edir, onu nalayiq ifadələrlə söyərək təhqir edir. Dəfələrlə İlqarın barəsində Polis qurumlarına müraciət etsə də o, öz əməllərinə son qoymamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanda olarkən İlqar onun qonşu yaşadığı ünvana getdiyini görərək mübahisə etməyə başlamış, üstünə böhtan ataraq mübahisə etməyə başlamış, üzərinə gələrək sağ əlindən tutub barmaqlarından sıxmış və onu boğmağa çalışmışdır. Evdə olan qızı Nigar onların səsinə gələrək onu İlqarın əlindən almış və o, küçəyə çıxmışdır. Sonradan İlqar barəsində Polis Şöbəsinə şikayət etmişdir. İlqarın bu hərəkətləri dəfələrlə olmuş, daimi olaraq onu söyüb təhqir etmiş, bıçaq çıxararaq onu öldürməklə hədələmiş və döymüşdür. Şəxs bu hərəkətləri ilə onun layaqətini və şərəfini alçaltdığından ondan şikayətçi olmaqla barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işi başlanmasının rədd edilməsi barədə 03 noyabr 2025-ci il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 17 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə 03 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs keçmiş əri Şəxs tərəfindən döyülməsi ilə bağlı Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin (döymə) tərkibi əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Xaçmaz rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X6 13 oktyabr 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyinin nıticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- boynunda solda sıyrığ, sağ əlin İV barmağında yumuşaq toxumanın əziyi və qancırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs döyməməsi, ona hər hansı xəsarət yetirməməsi barədə göstərdikləri və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 18 fevral 2026-cı il tarixdən saat 14:55-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar