Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-368/2026 19.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-40/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-40/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 2949 manat pul vəsaitini ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qərarına əsasən Şəxs 2949 manat pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. xx.xx.2026-cı il tarixdə borclu İcra Şöbəsinə dəvət edilmiş, izahatı alınaraq xəbərdarlıq edilmişdir. Borclu izahatında bildirmişdir ki, ona borcu ödəməsi üçün vaxt verilsə belə ödəyə bilməyəcəkdir. Həmçinin borclu barədə Məşğulluq Mərkəzinə müraciət olunmamışdır. Borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borcluya heç olmasa 300 manat ödəniş etməsini təklif etsə də, lakin ödəniş etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, barəsində hazırkı işlə əlaqədar olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən bəraət almışdır. Ona icra sənədi üzrə borc barədə bildiriş göndərilməmişdir. Həmçinin o, icra sənədini icra etmək istəmirəm, heç yerdə işləmir, gəliri yoxdur, 3 uşağı var, borcu ödəmək imkanı isə yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 5 il əvvəl ona zərər dəymiş, kredit alıb əməliyyat olunmuşdur. Buna görə də əməliyyata xərclənən pulları geri istəmişdir. 5 il ərzində borclu tərəf yuxarı instansiya məhkəmələrinə müraciət etmək üçün vəkillərə pul tapıb xərcləmişlər, lakin ona dəymiş zərəri ödəmək istəmirlər. Ona yetirilən xəsarət ailə üzvlərinin yanında baş vermişdir. Hətta o təklif etmişdir ki, həyat yoldaşından üzr istəyərsə, ona dəymiş ziyanı ödəyərsə bağışlayacaqdır. Lakin edilən təklifləri yerinə yetirməmişdir. Maddi imkanları da vardır. O, icra sənədi üzrə pulun tam ödənilməsini tələb edir, ödənilməzsə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi çıxış edərək bildirmişdir ki, Şəxs qeyd olunan icra sənədini qərəzli şəkildə deyil, maddi imkanı olmadığı üçün icra edə bilməmişdir. Himayəsində 3 azyaşlı övladı var. Avropa Məhkəməsinin qərarlarında olan hüquqi mövqelərə əsasən borc məsələləri ilə əlaqədar şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun hesab edilmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs maddi ziyanın əvəzi olaraq 2400 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 40/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq” məktubu təqdim olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsi apelyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-368/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-368/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver