Məhkəmə qərarları › İş №3(5-126)-80/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-80/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-80/2026 16.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs Muxsay qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 5011 manat borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 5011 manat borcu ödəməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, adıçəkilən icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə borclunun evində olmuş və geri qaytarılmalı olan əşyalardan bəzilərini yararsız vəziyyətdə aşkar etmişlər. Belə olan halda zərərçəkmiş şəxs həmin əşyaları götürməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Şəxs hazırda 500 manat ödəniş edəcəyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs bu ödənişi qəbul etməkdən imtina edir və borcunun tam məbləğdə geri qaytarılmasını tələb edir. Şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, ödənişləri etməkdən yayınır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz izahatında göstərmişdir ki, heç vaxt ödəniş etməkdən yayınmamışdır. Bu işlə barəbər hər ay 150 manat məbləğində aliment də ödəyir. Hazırda qış ayları olduğu üçün heç bir yerdə işləmir və bu səbəbdən ödəniş edə bilmir. Hazırda 500 manat ödəniş edə bilər. Zərərçəkmiş bu ödəniş qəbul etmir. Qeyd olunanlara əsasən barəsində inzibati tənbehin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili öz izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs ödənişlərini etməkdən yayınmır. Onun hərəkətlərində icra məmurunun qanuni tələblərinə əməl etməmə halı yoxdur, dolayısıyla şəxsin əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs çıxış edərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qaytarılmalı olan əşyaları yararsız vəziyyətə saldığı üçün həmin əşyalardan imtina etmiş və həmin əmlakların dəyəri olan 5011 manat borcu tələb edir. Şəxsin bu borcla yanaşı 8000 manat da aliment borcu var. Qeyd edilənləri nəzərə alaraq icra sənədi üzrə borcun tam həcmində ona ödənilməsini tələb etdiyini bildirir və şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026cı il tarixdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, icra sənədində sadalanan əşyalar, onlar olmadıqda isə onların dəyəri olaraq 4887 manat pulun, 74 manat 0,42 qəpik ödənilmiş dövlət rüsumunun və 50 manat ödənilmiş mediasiya xərcinin Şəxs tutularaq Zərərçəkmiş şəxs Muxsay qızına verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1501/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən şəxsin məhkəmə iclas zalında ödəniş etmək istəməsini İXM-in 32-ci maddəsinə əsasən yüngülləşdirici hal hesab edir. Həmçinin İXM-in 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar