Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-2/2026 26.01.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçısı X1 və Zərərçəkmiş şəxs1 iştirаkları ilə, Tərtər rayon prokurorluğunun 13 dekabr 2025-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tərtər rayon prokurorluğunun 13 dekabr 2025-ci il tarixli 25-1-2-2-455-0005-5 nömrəli qərarı ilə hüquqi şəxs "xxxx" MMC" (VÖEN:**********, hüquqi ünvanı: AZ 2600, Xankəndi şəhəri, ev.X:650054, m.Y:4408758) barəsində Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Həmin qərara əsasən hüquqi şəxs "xxxx" MMC-ni (VÖEN:**********) təmsil etmək və hüquqi şəxsin adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - hüquqi şəxsin iş icraçısı X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 24 iyun 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixə qədər, Zərərçəkmiş şəxs2 2025-ci ilin iyun ayından avqust ayına qədər Ağdərə rayonunun Ortakənd kəndi ərazisinde yenidənbərpa işləri həyata keçirilməsi ilə əlaqədar sürücü və santexnik qismində işə cəlb etmişdir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtər rayon prokurorluğunda araşdırılmış 86C-25 nömrəli material əsasında hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçısı X3 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir neçə işçi ilə əmək müqaviləsi bağlanmadan onlar işə cəlb edilmişlər. Əmək müqaviləsi ona görə bağlanmamışdır ki, onlar özləri bunu xahiş etmişlər. Hazırda həmin nöqsanlar aradan qaldırılmış və bir daha həmin qanun pozuntusuna yol verilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, işə qəbul üçün X3 ilə görüşmüşdür. İlkin olaraq sınaq müddəti ilə işə qəbul olunmuş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Tərtər rayon prokurorluğunun nümayəndəsi və digər Zərərçəkmiş şəxs2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri iş mаteriаllarına əlаvə edilmiş Tərtər rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 noyabr 2025-ci il tarixli Qərarı, izahatlar və elektron prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatları, eləcədə məhkəməyə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçısı X1 izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs "xxxx" MMC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 192.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Tərtər rayon prokurorluğunda iş üzrə aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, təqribən iyun ayının sonlarından avqust ayının sonlarınadək dəqiq xatırlamadığı müddət ərzində Ağdərə rayonunun Ortakənd kəndi ərazisində "xxxx" MMC tərəfindən müxtəlif evlərdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən santexnik kimi əməyə cəlb edilmiş, görmüş olduğu işlər müqabilində isə bank kartı vasitəsi ilə Cavanşir Mehdiyev istifadəsində olan 41697388****8639 bank kartına köçürmə yolu ilə zəhmət haqqı kimi 930.00 (doqquz yüz otuz) manat ödəmişdir. Həmçinin həmin zaman Zərərçəkmiş şəxs1 isə izahatında göstərmişdir ki, 24 iyun 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək özünə məxsus "QAZ53" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı sudaşıyan avtomobilin sürücüsü olaraq "xxxx" MMC-nin işçisi X4 tərəfindən cəlb olunmuş və ödənişlər bank kartı vasitəsi ilə istifadəsində olan "5239 1517 9548 1980" nömrəli kartına köçürülmüşdür. Eləcədə məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin icraçısı X3 öz izahatında əmək müqaviləsi bağlanmadan bir neçə işçinin işə cəlb olunmasını etiraf etmişdir. Zərərçəkmiş şəxs1 da məhkəmə iclasında onunla əmək müqaviləsinin bağlanmadığını və şifahi razılaşma əsasında işə başladığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin icraçısı X3 əmək qanunvericiliyin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni işçilərlə əmək müqaviləsi bağlamadan onları hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Eləcə də əmək qanunvericiliyində imperativ qaydada müəyyən olunmuşdur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Beləliklə məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Şəxs MMC-nin icraçısı X3 tərəfindən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır . Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və hüquqi şəxs bаrəsində 20000 manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN:**********, hüquqi ünvanı: AZ 2600, Xankəndi şəhəri, ev.X:650054, m.Y:4408758) Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və hüquqi şəxs bаrəsində 20000 manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-127)-2/2026
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-2/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver