Məhkəmə qərarları › İş №3(5-127)-21/2026

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-21/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-21/2026 10.03.2026 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta qərar qəbul edilmiş vəzifəli şəxs X3 nümayəndəsi X4 iştirakı ilə Vəzifəli şəxs – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri X3 vəzifəli şəxs olaraq barəsində çıxarılmış «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi (bundan sonra – Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi) tərəfindən çıxarılmış «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri X7 vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmiş, təyin olunmuş inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən olunmuşdur. Vəzifəli şəxs X7 həmin qərardan məhkəməyə şikayət vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: X7 şikayətini onunla əsaslandırmışdır ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs tərəfindən sübutlar və onların qiymətləndirilməsinə dair inzibati xəta qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə törətmədiyi inzibati xətaya görə barəsində əsassız və qanunsuz olaraq cərimə növündə tənbeh tədbiri şərti olaraq tətbiq edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mülki işçisi X5 işdən azad edildikdən sonra Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi şikayət etmişdir. Rəşadət Hacıyevin müraciətinin araşdırılması üçün hərbi hissəyə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-83473/2025 nömrəli sorğu göndərilmişdir. Müvafiq göstəriş tərəfindən tam icra olunmuş və orada göstərilən sənədlər xx.xx.2025-ci il tarixli 3-25-142/2-1708/2025 nömrəli məktuba əlavə edilməklə həmin tarixdə qaydalara uyğun olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə 163 nömrəli reyestr tərtib olunmuşdur. Həmçinin bu barədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “Göndərilən sənədlərin qeydiyyatı” jurnalında da qeydiyyat aparılmışdır. Göstərişin gec icra olunmasının səbəbi hərbi hissənin maliyyə xidmətinin rəisi-baş mühasibi X1 xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixə qədər Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olması olmuşdur. Buna baxmayaraq Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2340288 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq protokol əsasında həmin şöbənin vəzifəli şəxsinin qəbul etdiyi «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarla barəsində 1000 manat cərimə tənbehi tətbiq olunmuşdur. Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən iddia olunan bir xətaya, yəni eyni xətaya görə vəzifəli şəxs olaraq özünün inzibati məsuliyyətə cəlb olunması ilə yanaşı, hüquqi şəxs olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi barəsində də İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci ildə MN2340289 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə müvafiq göstərişin üzürlü səbəbdən gecikməklə icrasını nəzərə almaqla qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. X7 şikayətində göstərilənlərə əsasən «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta qərar qəbul edilmiş vəzifəli şəxsin nümayəndəsi X8 şikayəti müdafiə edərək, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və X7 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. X7 şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şikayətin başlıca dəlili ondan ibarətdir ki, vəzifəlin şəxsin əməlində inzibati xəta tərkibi olmamasına və bu halın Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməsinə baxmayaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs qanunsuz və əsassız olaraq onun təqsirli bilinməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Vəzifəli şəxsin şikayətindən əks olunan işin faktiki halları aşağıdakı sübutlara əsaslanır: - Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin N fevral 2026-cı il tarixli 39 nömrəli arayışından görünür ki, 01-xx.xx.2025-ci il tarixlərində hərbi hissənin qərargahı, taborları (divizionu) ve əlahiddə bölükləri (batareyaları) həyəcan siqnalı ilə qalxma fəaliyyətləri üzrə məşğələyə cəlb olunmuşdur. 15-xx.xx.2025-ci il tarixlərində hərbi hissənin qərargahı 1-ci taborun və qərargah bölüyünün kompleks yoxlamasına cəlb olunmuşdur. 22-xx.xx.2025-ci il tarixlərində hərbi hissənin qərargahı, taborları (divizionu) və əlahiddə bölükləri (batareyaları) taktiki kompleks məşqə cəlb olunmuşdur. 01-xx.xx.2025-ci il tarixlərində hərbi hissənin qərargahı birgə qərargah məşqinə olunmuşdur. 21-xx.xx.2025-ci il tarixlərində hərbi hissənin qərargahı ərazidə komanda-qərargah (əməliyyat-taktiki) təlimi cəlb olunmuşdur. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli 3-25-142/2- 1708/2025 nömrəli məktubundan görünür ki, hərbi hissə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2- 83473/2025 nömrəli sorğusunu icra etmişdir. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 163 nömrəli reyestrlən görünür ki, xx.xx.2025-ci il tarixli 3-25-142/2- 1708/2025 nömrəli məktub həmin tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. - Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci ildə MN2340289 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və müvafiq qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, “İşə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğusu xx.xx.2025-ci ildə N saylı hərbi hissəyə daxil olmuş və hərbi hissə komandirinin göstərişi ilə cavab verilməsi üçün maliyyə xidmətinə ünvanlanmışdır. Hərbi hissə komandirinin müvafiq əmrlərindən göründüyü kimi maliyyə xidmətinin rəisi-baş mühasib X2 xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixə qədər Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunmuşdur. xx.xx.2025-ci ildə N saylı hərbi hissə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin sorğusuna cavab vermiş və sözügedən məktub xx.xx.2025-ci ildə poçtla ünvan sahibinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsi isə xx.xx.2025ci il tarixdə N saylı hərbi hissənin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir”. - Ağdam Rayon Məhkəməsinin 02 mart 2026-cı il tarixli 5-107/2-262/2026 nömrəli məktubundan görünür ki, 3-(013)-725/2025 nömrəli inzibati xəta haqqında metarial üzrə Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunan sübutlarla müəyyən edilir ki, bir xətaya, yəni xx.xx.2025-ci il tarixli 3- 17-5/2-83473/2025 nömrəli məktubda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsinə görə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən həm vəzifəli şəxs – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri X7 barəsində xx.xx.2025-ci il tarixli MN2340288 nömrəli, həm də hüquqi şəxs – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi barəsində xx.xx.2025-ci ildə MN2340289 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci ildə MN2340289 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir”. Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin vəzifəli şəxsi X3 iddia olunan inzibati xəta, yəni xx.xx.2025-ci il tarixli 3-17-5/2-83473/2025 nömrəli məktubda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi ilə bağlı hüquqazidd davranışının olması təsdiqini tapmamış və buna görə də, Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Hətta müvafiq inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ilə razılaşmış və həmin qərardan apellyasiya şikayəti verməmişdir. Belə olan halda iddia olunan eyni inzibati xəta ilə bağlı vəzifəli şəxsin hüquqazidd davranışının olmamasını təsdiq edən Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının mövcudluğu ilə və iddia olunan eyni inzibati xəta ilə bağlı vəzifəli şəxsin hüquqazidd davranışını olmasını təsdiq edən “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarının mövcudluğu hazırda paradoks yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir”. Əsas Qanunun qeyd olunan normasına uyğun olaraq bütün dövlət orqanları, inzibati orqanlar, vəzifəli, hüquqi və fiziki şəxslər məhkəmə qərarına əməl etməli və onların qəbul etdiyi inzibati akt məhkəmə qərarına zidd olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia olunan eyni inzibati xəta ilə bağlı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar, Ağdam Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarına zidd olduğu üçün əvvəlki qərar ləğv edilməli və inzibati xəta tərkibi olmaması əsası ilə vəzifəli şəxs X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Vəzifəli şəxs X7 barəsində olan Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən çıxarılmış «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin. Vəzifəli şəxs X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar