Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-4/2026 12.01.2026 Hakim Niyazova Səkinə Mirzə qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Natiq Ələsgər oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonu, Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağcabədi rayonu, Qiyamadınlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə Xankəndi Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokola göstərilmişdir ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə Xankəndi şəhərinin 4-cü blok postunda səs-küy salaraq ictimai qaydanı pozaraq xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə saat 01:15-də Xankəndi Şəhər Polis Şöbəsində xidmətdə olarkən 3 nəfər Ağcabədi rayon sakininin Xankəndi şəhərinin 4-cü blok postundan şəhər ərazisini tərk etmək istədikləri zaman polisin qanuni tələbinə tabe olmadıqları barədə çağırış daxil olmuşdur. Həmin çağırış əsasında hadisə yerinə gedilmiş, həmin vaxt Şəxs sərxoş olmuş və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Şəxs nizam-intizama dəvət edilsədə, polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç bir nalayiq ifadə işlətməmişdir. Polis əməkdaşlarına qarşı heç bir qanun pozuntusu etməmişdir. Polis əməkdaşları onları posda saxladıqdan sonra onun mobil telefonuna zəng gəlmiş və buna görə də avtomobildən düşüb həmin zəngə cavab verərək telefon danışığını davam etdirmişdir. Telefon danışığını bitirdikdən sonra onunla birlikdə avtomobildə sərnişin olan X4 və sürücü Zakirin polis əməkdaşları ilə mübahisə etdiklərini görmüşdür. Ona görədə onlara yaxınlaşmış və sakitləşdirməyə çalışmışdır. Ümumiyyətlə polis əməkdaşları ilə mübahisə etməmiş, əksinə onunla birlikdə olan Akif və Zakiri sakitləşdirməyə çalışmışdır. Lakin buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Odur ki, barəsində tərtib edilmiş inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X7 ifadəsində göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə, saat 01 radələrində Xankəndi şəhəri ərazisində yerləşən 4cü blok postda xidmətdə olan zaman “Hyundai” markalı, **-SU-*** dövlət qedyiyyat nömrə nişanlı avtomobil posta yaxınlaşmışdır. Avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman avtomobildə sərnişin qismində olan X3 qanunun tələbləri bildirilmiş, lakin sonuncu sərxoş vəziyyətdə onlara qarşı nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Avtomobildə olan digər sərnişin Şəxs ona və digər polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, əksinə Akif və Zakiri sakitləşdirməyə çalışmışdır. Ümumiyyətlə Şəxs nə polisə nədə ətrafda olan digər şəxslərə qarşı hörmətsizlik etməmiş və ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri-sürücü X5 ifadəsində göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə saat 01:15-də Xankəndi şəhər Polis Şöbəsində xidmətdə olarkən 3 nəfər Ağcabədi rayon sakininin Xankəndi şəhərində yerləşən 4-cü blok postun ərazisində polisin qanuni tələbinə tabe olmadıqları barədə çağırış daxil olmuşdur. Həmin çağırış əsasında 47-28 çağırışlı avtopatrulla hadisə yerinə getmiş və orada Akif Qasımovun polis əməkdaşları ilə mübahisə etdiyi görmüşdür. Avtomobildə olan digər sərnişin Şəxs isə ona və digər polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, əksinə Akif və Zakiri sakitləşdirməyə çalışmışdır. Ümumiyyətlə Şəxs nə polisə nədə ətrafda olan digər şəxslərə qarşı hörmətsizlik etməmiş və ictimai qaydanı pozmamışdır. İşin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Beləki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələnin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə təqsirli bilmədiyini və əksinə həmin hadisə zamanı orada olan digər şəxsləri sakitləşdirdiyini qeyd etmişdir. Şəxs ifadəsində qeyd etdiklərini məhkəmə iclasında ifadə vermiş şahidlər Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X7 və Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri-sürücü X5 təsdiq edərək, onun nə polisə nədə ətrafda olan digər şəxslərə qarşı hörmətsizlik etmədiyini və ictimai qaydanı pozmadığını bildirmişlər. Göründüyü kimi, Şəxs hər hansı ictimai asayişi pozması, həmçinin polisin qanuni tələblərinə əməl etməməsi barədə hər hansı möhtəbər sübut aşkar edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3 maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2 maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105 maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-127)-4/2026
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-4/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver