Məhkəmə qərarları › İş №3(5-127)-7/2026

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-7/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-7/2026 21.01.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1986-cı ildə Füzuli rayonunun Arayatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Arayatlı kəndində qeydiyyatda olan və Xankəndi şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xankəndi Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair 21 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli protokola baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 21 yanvar 2026-cı il tarixli İXP7759269 nömrəli Protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Xankəndi Şəhər Polis şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru polis baş leytenantı X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs “CHEVROLET CAMARO” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili “Zəfər Parkı”nın sol giriş hissəsində və 5 mərtəbəli yaşayış binasının qarşısında yerləşən ümumi istifadədə olan avtomobil yolunda yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edilən inzibati xəta hadisəsi parkda olan təhlükəsizlik kamerası və ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən qeydiyyata alınmış, həmçinin inzibati xəta hadisəsi şəhər müşahidə kameralarına baxış zamanı aşkar olunmuşdur. Odur ki, Şəxs barəsində xx.xx.2026-cı il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə gətirilmişdir. Şəxs barəsində qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, törətdiyi əməldə özünü təqsirli bilərək hadisəni əyləncə məqsədi ilə törətmişdir. Bu əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Himayəsində 3 azyaşlı uşağının olmasını və peşmançılıq hissləri keçirməsini nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri iş mаteriаllarına əlаvə edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 21 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli Protokolu, eləcədə məhkəməyə təqdim olunmuş və iclasda tərəflərin iştirakı ilə baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş mаteriаllarına əlаvə edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 21 yanvar 2026cı il tarixli İXP ******* nömrəli Protokoldan, eləcədə məhkəməyə təqdim olunmuş və iclasda tərəflərin iştirakı ilə baxış keçirilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:23-də “CHEVROLET CAMARO” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Zəfər Parkı”nın sol giriş hissəsində və 5 mərtəbəli yaşayış binasının qarşısında yerləşən ümumi istifadədə olan avtomobil yolunda qarlı və şaxtalı havada təhlükəli manevrlər etmiş, anidən əyləc sistemindən istifadə edib və avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan hərəkətlər etməklə yol hərəkəti qaydalarını pozmuşdur. Nəticədə onun bu hərəkətləri yolun səkisində olan piyadalar tərəfindən narahatçılıq hisslərini keçirmələrinə, ətrafda yaşayan və həmin zaman parkda olan insanların ictimai və şəxsi mənafelərinə zərər vurmasına səbəb olmuşdur. Həmçinin Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edərək baxış keçirilmiş DVD diskdə olan görüntülərdəki avtomobillə təhlükəli manevlər edən şəxsin onun özü olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs oğlu xx.xx.2026-cı il tarixdə saat 18:23-də “CHEVROLET CAMARO” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Zəfər Parkı”nın sol giriş hissəsində və 5 mərtəbəli yaşayış binasının qarşısında avtoxuliqanlıq edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmiş və yol hərəkəti qaydalarını davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yolı vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Şəxs bu hərəkətlərini “Ümumxalq hüzn günü” olan 20 yanvar 2026-cı il tarixdə axşam saatlarında törətmişdir. Beləliklə məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Şəxs cəmiyyətə açıqca hörmətsizlik etmiş, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, eləcədə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərə yol vermişdir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla bаrəsində 15 (on beş) gün müddətə inzibаti həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla bаrəsində 15 (on beş) gün müddətə inzibаti həbs tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü mаddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla bаrəsində 15 (on beş) gün müddətə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbsetmənin əvvəli 21 yanvar 2026-cı il tаrixdən, sааt 15:30-dan hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokolu tərtib edən şəxsə göndərilsin. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar