Məhkəmə qərarları › İş №3(5-128)-14/2026

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(5-128)-14/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(5-128)-14/2026 16.03.2026 XIZI RAYON MƏHKƏMƏSİ X1, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları baxılmağa hazırlayarkən, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material iş üzrə yekun qərar qəbul edilməsi üçün natamamdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin baş verməsini sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1 maddəsi İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Buna səbəb səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli araşdırma aparılmaması olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunmuş və inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün əsas olmuş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-112997/2025 nömrəli məktubun İnzibati Xətalar Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada "xxxx" MMC-nin direktoru Şəxs göndərilməsini və həmin məktubun Şəxs çatdırılmasını təsdiq edən heç bir rəsmi sənəd inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmçinin, iş materiallarında inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə "xxxx" MMC-nin direktoru Şəxs müvafiq inzibati araşdırma üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə dəvət edilməsi haqqında bildiriş olsa da, həmin bildirişin Şəxs çatdırılmasını təsdiq edən müvafiq sənədlər də iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilsə də, məlumat üçün "xxxx" MMC-nin direktoru Şəxs göndərilməsi barədə heç bir rəsmi sənəd inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilməmişdir. Buna zərurət ondan ötrüdür ki, xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra protokolun nəticəsi barədə "xxxx" MMC-nin direktoru Şəxs məlumatlandırılmamaları, məhkəmədə protokol üzrə şəxsin özünü müdafiə hüququna maneə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs dəvət edilməmiş və heç bir araşdırma aparılmamışdır. İş materiallarında da protokolun tərtib edilməsi üçün dəvət etmə barədə məktubun göndərilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı "xxxx" MMCnin direktoru Şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə səlahiyyətli orqanın nəzərinə çatdırır ki, məhkəmə qərardadlarının icrası səlahiyyətli orqan üçün məcburidir. Ona görə də, qeyd edilən bütün nöqsanlar aradan qaldırılmadan inzibati xəta haqqında materialın məhkəməyə natamam formada göndərilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, ədalət mühakiməsinin nüfuzu hüquqi dövlət quruculuğunun təməl psinsiplərindəndir. Məhkəmə aktlarının vaxtında və tam şəkildə icrası hüquqi dövlətin fundamental prinsiplərindən biridir. Ədalət mühakiməsinin nüfuzuna və səmərəliliyinə xələl gətirilməsi yolverilməzdir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar