Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(5-128)-4/2026 22.01.2026 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, xx xxxxxx 1982-ci il tarixdə Qazax rayonu, Canallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də iş icraçısı işləyən, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-də iş icraçısı işləyən Şəxs tərəfindən "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq sığorta sistemlərinin tətbiqi ilə və təhlükəsizliyi təmin edən texnoloji ardıcıllıqla həyata keçirilməsi təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.7-ci bəndinin tələbi həmin işin görülməsinə cəlb olunduğuna görə, xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də dəmirçi kimi işə qəbul edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:15 radələrində külək elektrik stansiyası layihəsinin tikintisini həyata keçiriləcək layihə üzrə həmin ərazidə inzibati binanın tikintisi zamanı işləyərkən, yəni sökülüb-yığılan dəmir materialdan olan konstruksiyaların (lesa) sökülməsi işini görən zaman dəmirdən olan kvadrat çərçivənin ona dəyməsi nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “döş qəfəsinin ön səthinin sol yarısının yumşaq toxumaların əziyi” xəsarətini almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulma inzibati xətasını törətmişdir. Bu barədə Xızı rayon prokuroru, ədliyyə müşaviri Xəyalə Aslanova tərəfindən xx.xx.2026-cı il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati qaydada icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsin baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 276 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol qaş, burun və burun-dodaq büküşü nahiyyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdir, zərərçəkmiş şəxsin göstərdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə yaranmağa uyğun gəlir; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/7641 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.7-ci bəndinin tələbi pozulmuşdur ki, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. Xızı rayonu, Dağ Yaşma adlanan ərazidə tikinti işləri həyata keçirilən sahədə metal konstruksiyalardan ibarət ayaqaltının hissələrinin sökülməsi işinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq sığorta sistemlərinin tətbiqi ilə və təhlükəsizliyi təmin edən texnoloji ardıcıllıqla həyata keçirilməsi təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.7-ci bəndinin tələbi həmin işin görülməsinə rəhbərlik etmiş şəxs(lər) tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs iş zamanı yüngül xəsarət alması faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi, qərarın surətinin maraqlı şəxsə göndərilməklə Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessua rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilməsi, Şəxs barəsində inzibati icraat başlanması üçün qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. - Elektron məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Beləliklə göründüyü kimi Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla "xxxx" MMC-də iş icraçısı işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(5-128)-4/2026
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(5-128)-4/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver