Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-103/2026 19.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə 09 fevral 2026-cı il tarixli İXP7814383 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş İmişli rayonu Yol patrul xidməti nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, 09 fevral 2026-cı il tarixli İXP7814383 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:20 radələrində “VAZ 21074” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhərində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isə müayinə zamanı narkotik maddədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 385 saylı, 08 fevral 2026-cı il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs götürülmüş nümunədə marixuana aşkar edilmişdir. Şəxs İmişli rayon polis şöbəsinə verdiyi yazılı izahatında narkotik vasitə istifadə etdiyini və onun təsiri altında avtomobil idarə etdiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 342.2.3-cü maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(5-131)-103/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-103/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver