Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-173/2026 02.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, Protokol tərtib etmiş şəxs İmişli rayon polis şöbəsinin polis sahə rəisi X24, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01.12.200-ci il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonunun Hacalmuradlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon polis şöbəsinin polis sahə rəisi X28 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı 02 mart 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis baş leytenantı X28 protokolu müdafiə edərək protokolun mahiyyətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri X25 Məmmədovun bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Lakin Şəxs və digərləri tərəfindən polis əməkdaşları təhqir olunmuş və sonunculara ev əşyaları atılmışdır. Nəticədə ictimai qayda pozulmuş, Şəxs və digərləri polis əməkdaşlarının qanunu tələblərinə əməl etməmişlər. Sonda protokol tərtib etmiş şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə hadisə baş verən vaxt o, evdə olmuş, onun bacısını Xəyal Şirinov aparmaq istəmiş, bacısı isə razı olmamamışdır. Həmin vaxt Seyidəzim Məmmədov DİN-in 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onun bacısı Samirə Şirinova polislərlə kobud danışdığına görə, polislər tərəfindən sonuncudan qanunun tələblərinə əməl edilməsi tələb edilmişdir. Həmin vaxt o, da polislərlə kobud davranışlara yol vermişdir. Törətdiyi əməldən peşmandır və bir daha hər hansı qanun pozuntusuna yol verməyəcəkdir. Sonda Şəxs səhvi olubsa, üzürlü sayılmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X32 izahatında göstərmişdir ki, İmişli rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə o, polis şöbəsində növbətçi olmuşdur. İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X2 bacısını Xəyal Şirinovun aparmaq istəməsi barədə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Həmin ünvanda evin içərində DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X17 onların yaşadıqları ünvana gec getdiklərini əsas gətirib onu nalayiq sözlərlə təhqir etdiyinə görə o, Samirə Şirinovaya iradlarını bildirmiş və onu nizam intizama dəvət etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov onun üstünə gedərək sonuncuya bacısı Samirəni nizam intizama dəvət etdiyinə görə iradlarını bildirmiş, onu vurmağa cəhd etmişdir. Buna görə, o, Seyidəzim Məmmədovu da nizam intizama dəvət etmiş və hadisə yerində olan əməkdaşlardan Seyidəzim Məmmədovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə aparmalarını tələb etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov huşunu itirib yerə yıxıldığına görə o və digər əməkdaşlar sonuncuya tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, X12, X5, X7, X3, X29 onların üstünə gedərək, polis əməkdaşlarını nalayiq sözlərlə söyüb təhqir etmişlər. Adları qeyd edilən şəxslər onlarla 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmiş, onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərini qəsdən icra etməmişlər, əksinə onların üstünə vedrə, qazan, qab-qacaq tullamış, polis əməkdaşlarının oradan çıxıb getmələrini tələb etmişlər. O və digər polis əməkdaşları həmin şəxsləri sakitləşdirə bilmədiklərindən növbətçi hissəyə zəng edərək kömək göndərilməsini, eləcə də təcili tibbi yardıma məlumat verib hadisə yerinə həkim briqadasının göndərilməsini xahiş etmişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə adları qeyd olunan şəxsərin barəsində qanuni tədbir görülməsi üçün onları İmişti RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Ümumiyyətlə ailə həmişə problemli olmuşdur, istənilən vaxt istənilən şəraiti yarada bilirlər. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahidin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs İmişli rayonu, Hacalmuradlı kəndində polis əməkdaşlarının qanununi tələbinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 22:22-də İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri Xəyal Şirinovun əlində bıçaqla bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X19, İmişli RPŞ-nin MSY-nin növbətçisi polis baş serjantı X20 ve İmişli RPŞ-nin növbətçi sürücüsü polis baş serjantı X27 ilə birlikdə İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 yaşadığı ünvana getmişlər. Həmin ünvanda DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X17 onlara yaşadıqları ünvana gec getdiklərini əsas gətirərək nalayiq sözlərlə təhqir etdiyinə görə ona irad bildirmişlər və onu nizam intizama dəvət etmişlər. X13 onlara bacısı Samirəni nizam intizama dəvət etdiklərinə görə iradlarını bildirmişdir. Hadisə yerində olan əməkdaşlar Seyidməhəmməd Əzimovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə mindirmişlər. Həmin vaxt Seyidməhəmməd huşunu itirib yerə yıxıldığına görə əməkdaşlar ona tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, X12, X5, Şəxs X7, X3, X29 onları nalayiq sözlərlə söyüb təhqir etmişlər. Həmin şəxslər polis əməkdaşları ilə 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmişlər. Onları nizam intizama dəvət etsələr də, həmin şəxslər polisin qanuni tələblərini qəsdən icra etməmiş, polis əməkdaşlarının üstünə vedrə, qazan, qab qacaq tullamışlar; xx.xx.2026-cı il tarixli 028790 saylı inzibati qaydada tutma haqqında protkoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1, 32.1.1 və 32.1.3-cü maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. Xırda xuliqanlıq obyektiv cəhətdən İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin dispozisiyasında sadalanan ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər birlikdə mövcud olmalı və fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməməlidir. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən anlayışlar kontekstində işin halları da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində göstərilən inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş videogörüntü ilə də müəyyən olunur ki, Şirinova Samirə və bir neçə ailə üzvü gecə yarısı yaşadıqları evin həyətində polis əməkdaşları yaxınlaşdıqdan sonra da qışqırıq salmaqda davam edirlər, bu xaos bir neçə dəqiqə davam edir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs və şahid bu vəziyyətin 20 dəqiqədən çox davam etdiyini bildirmişlər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahidin izahatlarını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, X6 hərəkətləri xırda xuliqanlıq inzibati xətasının tərkib əlamətini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlərin məcmusudur. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqda və daha sonra onun tələblərindən imtina etməklə, ictimai qaydanın pozulmasında ifadə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahidin izahatlarını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Şəxs polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmaması öz izahatı və iş materialında olan digər sübutlarla tam təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran və icraatı rədd edən hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati qaydada tutulduğundan dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd edilməlidir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Bu halda, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin həddi 150 manatdan çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 8, 12, 43, 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(5-131)-173/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-173/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver