Məhkəmə qərarları › İş №3(5-131)-37/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-37/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-37/2026 23.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi vəsatət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31776354 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31776354 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini, inzibati icraata xitam verilməsini və cərimənin silinməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X2 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Qərardan şikayət və vəsatət xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuşdur. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X2 buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti müdafiə edərək prosessual müddətin bərpa edilməsini xahiş edərək göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan qərar qəbul edilən gündən 10 gün sonra məlumatlı olmuşdur. Qərarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdiyindən şikayət vermə müddətini ötürmüşdür. Buna görə də şikayət vermə müddətinin bərpa edilərək şikayətin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2025-ci ildə qəbul olunmuşdur və X2 qərardan xx.xx.2025-ci il tarixdə məlumatlı olmuşdur, bu barədə ona sms göndərilmişdir. Bu halı şəxs özü məhkəmə iclasında etiraf etmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməldir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 57-1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. Həmin Məcəllənin 57.5-1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.[ Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X1 məhkəmə iclasında öz etirafı ilə müəyyən edilmişdir ki, onun barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar sms vasitəsilə mobil telefonuna göndərilmişdir. X2 isə həmin qərarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməsi, Agentlikdən məsələnin həllini tapacağını bildirdikləri üçün gözlədiyini və buna görə vaxtında şikayət etmədiyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərardan X2 xx.xx.2025-ci il tarixdən məlumatlı olduğundan və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31776354 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31776354 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin səlahiyyətli şəxsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31776354 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar