Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-63/2026 30.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə şikayətin baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və ya onun hansısa qrumunun, orqanının ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, onun ünvanına xx.xx.2026-cı il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2026-ci il tarixli könüllü icra bildirişi daxil olmuşdur. Bildirişdə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarını icra etməli olduğu qeyd edilmişdir. Bildirişdə nəyi icra etməsi yazılmamışdır. O, belə bir qərar almamışdır. Nədə təqsirli bilinməsini bilmir. Heç vaxt hər hansı inzibati xəta və başqa qanun pozuntusuna yol verməmişdir. Qanun pozuntusuna yol verdiyini bildirilirsə, bu haqda sənədlər və sübutlar məhkəməyə təqdim edilməlidir. Hər hansı inzibati xətaya yol vermədiyi halda cərimələnməsi qanunsuzdur. Məhkəmə şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərara əsasən X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 150 manat cərimə edilmişdir; xx.xx.2025-ci il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 6:12-də Respublika paytaxtında İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3- 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir; 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər; 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 521 -ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd edilir ki, hərəkət və ya hərəkətsizliklə törədilən əməllər İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətin yaranmasının əsasını təşkil edir. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. Hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İş materialından görünür ki, inzibati xəta haqqında protokol Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş, həmçinin həmin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətlə törədilən inzibati xətalara aid olduğundan onun törədildiyi yer hüquqazidd hərəkətin törədildiyi yer, yəni Bakı şəhəri Xətai rayonu hesab edilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayətə həmin şəxslərin yaşayış yeri üzrə baxılması haqqında vəsatət verilə bilər. Şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 rəsmi qeydiyyatı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsidir, lakin o, şikayətinə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət verməmişdir. Belə olan halda, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən şikayətə (o cümlədən şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə) İmişli Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı, şikayət aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №3(5-131)-63/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-63/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver