Məhkəmə qərarları › İş №3(5-131)-66/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-66/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-66/2026 28.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, H.Əliyev prospekti, ev 122 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən 28 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, İmişli Rayon Məhkəməsinin e-2(036)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1.080.000 Rusiya rublu məbləğində borcunu üzrsüz səbəbdən ödəmir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuşdur. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, borclu icra sənədini icra etmədiyinə görə bir dəfə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş, həmin qərara əsasən şəxs 20 gün inzibati qaydada həbs olunumuşdur. Hazırda borclu barəsində yenidən İXM-in 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərdi ki, icra qeydi əsasən davamlı olaraq 60000 min rus rubulundan çox pul ödəmişdir, sonradan səhhətində problemlər olduğundan ödəniş edə bilməmişdir. Borcunu ödəməməsi xəstəliyi və maddi vəziyyəti ilə bağlı olmuşdur. Borcunun ödənilməsinə möhlət verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəlləinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol düzgün tərtib olunmamışdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər İmişli rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin e-2(036)-111/2024 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1.080.000 Rusiya rublu məbləğində pul vəsaiti alınıb iddiaçı X1 xeyrinə ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 3(036)-1128/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 gün inzibati qaydada həbs edilmişdir. Həmin qərardan həmçinin görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-584/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)- 419/2024 saylı qərarı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)- 584/2024 saylı qərarı dəyişdirilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya görə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbinə əsasən yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın təkrar törədilməsinə görə, o, İmişli Rayon Məhkəməsinin 3(036)-1128/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Hazırkı halda, icra məmuru İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etməli olduğu halda, İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. İcra məmuru da bu faktı təsdiq edərək, protokolda texniki səhv olduğunu bildirmişdir. Odur ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 yanvar 2026-cı il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar İmişli rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar