Məhkəmə qərarları › İş №3(5-131)-68/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-68/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-68/2026 06.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixində İmişli rayonu Sarıxanlı kəndində çayxanada bir neçə şəxslə qumar oyunları oynamış, nəticədə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqında protokolla razı deyil. Belə ki, o, qumar oynamamışdır. Polis şöbəsində izahat verərkən, qorxduğu üçün qumar oynadığını bildirmişdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İmişli rayon polis şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İmişli rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı E.E.Quliyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 noyabr 2025-ci il tarixli qərarında göstərilmişdir ki, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Röyal Quliyev xx.xx.2025-ci il tarixli raportunda xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində İmişli RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Elnur Əhmədovla birlikdə İmişli rayonu, Sarxanlı kəndində xidmətdə olarkən çayxanaların birində 5 nəfər şəxsin orada qumar oynadıqlarını görüb yaxınlaşaraq özlərini təqdim etdikləri, bu səbəbdən də, qumar oyununda iştirak edən şəxslərin onlarla birlikdə İmişli RPŞ-nə getmələri üçün dəvət etdikləri, RPŞ-də həmin şəxslərin İmişli rayon sakinləri Şəxs, X4, X3, X5 və X6 olduqları məlum olduğu, həmin vaxtı oradan bir ədəd oyun kartı və masanın üzərində olan 3,20 qəpik dəmir pul tərəflərindən götürüldüyü göstərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1 və X2 qumar oyununun təşkilində heç bir iştirakları olmamışdır. Onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, digər şəxslərin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda xx.xx.2025-ci il tarixli raportda maddi sübut hesab edilə bilən oyun kartı və 3 manat 20 qəpik pul barədə qeydlər olsa da, həmin maddi sübutların fotoşəkilləri çəkilməmiş və onlar inzibati xəta haqqında işə əlavə edilməmiş, inzibati xəta haqqında protokolda maddi sübutlar barədə qeydlər aparılmamışdır. Şəxslərin həqiqətən qumar oynaması barədə hər hansı görüntü və ya digər sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokola yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əlavə edilmişdir ki, həmin qərar inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübut edilməsi üçün kifayət hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetirilmədən, şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar