Məhkəmə qərarları › İş №3(5-132)-105/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-105/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-105/2026 23.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 23-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İsmayıllı şəhəri, 3 saylı tam orta məktəbdə bağban işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 23 fevral 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Şəxs yeni iş yeri elektron informasiya sistemində görsənmir. Gələn ay ərzində onun əmək haqqına yönəlmə ediləcəkdir. Bundan başqa 9 aydır ki, Şəxs İsmayıllı Kommunal Müəssisələri Kombinatında işləyir və bununla bağlı onun əmək haqqına yönəlmə edilmişdir. Şəxs 8000 (səkkiz min) manat aliment borcu vardır. Hazırda o, borcundan 2800 (iki min səkkiz yüz_ manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq Şəxs inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 9 ay İsmayıllı Kommunal Müəssisələri Kombinatında işləmiş və hər ay əmək haqqından tutulmalar olmuşdur. Bir aydır ki, İsmayıllı şəhər 3 saylı tam orta məktəbində bağban işinə qəbul edilmişdir. Bundan sonra aliment məbləğinin əmək haqqına yönəlməsinə etiraz etmir. Bundan başqa hər ay maddi imkanı daxilində ödənişlərdə edəcəkdir. Onun 8000 (səkkiz min) manat aliment borcu vardır. Hazırda həmin borcundan 2800 (iki min səkkiz yüz) manatını tələbkara ödəmişdir. Həmin pulu anası kredit götürərək ona vermişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 23 fevral 2026-cı il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə 8000 (səkkiz min) manat məbləğində alimentin ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. xx.xx.2026-cı il tarixli, 1366 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində protokol tərtib edilərkən Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat borcu olmuşdur. Hazırda Şəxs borcundan 2800 (iki min səkkiz yüz) manatını Zərərçəkmiş şəxs ödəmişdir. Şəxs məhkəmə iclasında İsmayıllı rayon 3 saylı tam orta məktəbində bağban işlədiyini, aliment məbləğinin onun əmək haqqına yönəlmə edilməsini və hər ay maddi imkanı daxilində ödənişlər edəcəyinə söz vermişdir. Bundan başqa borclunun maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar