Məhkəmə qərarları › İş №3(5-132)-111/2026

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(5-132)-111/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(5-132)-111/2026 27.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, Şəxs haqqında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi Dövlət X4 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyindən 3 ay müddətində qanunla müəyyən edilmiş əsas olmadan icra edilməməsinə görə Şəxs barəsində Məcəllənin 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Məcəllənin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qaytarılmalıdır. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılmasına dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. İş materiallarına cərimə qərarının ümumiyyətlə şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut, ümumiyyətlə hər hansı bir formada çatdırılmanı təsdiq edəcək sübut mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da Məcəllənin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Səlahiyyətli orqan belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmişdir. Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Məcəllənin 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57- 1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; Məcəllənin 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra Məcəllənin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron kabinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılmasına dair sübut iş materiallarına əlavə edilməmişdir. Cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırma Məcəllənin 529.3-cü maddəsi ilə protokol tərtib edilən ana qədər mövcud olmalıdır. Çünki protokol tərtib edilənə qədər şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmalıdır. Protokol tərtib edilən anda məlumatlandırmadan 3 aylıq müddətin keçməməsi, lakin həmin protokola məhkəmədə baxılarkən, artıq cərimə qərarı barədə məlumatlandırmadan 3 ay vaxtın keçməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. İnzibati xəta tərkibinini bütün əlamətləri protokol tərtib edilən anda mövcud olmalıdır. Ona görə də 3 aylıq məlumatlandırmanın əhəmiyyəti protokol tərtib edilən ana qədərdir, bundan sonra əhəmiyyətə malik deyil. Protokol tərtib edildikdən sonra məlumatlandırmaya dair 3 aylıq müddətin tamam olması şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda Məcəllənin 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Çünki qərar icra edilməsi üçün o qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar Məcəllənin 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti keçməlidir ki, Məcəllənin 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız Məcəllənin 57, 125, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi Məcəllənin 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da şəxs cərimə qərarı barədə məlumatlandırıldıqdan sonra, qərarın qüvvəyə minməsi üçün 20 günlük müddət də gözlənilməli, həmin müddət də bitdikdən sonra 3 aylıq müddət gözlənilməklə, cərimə qərarı icra edilmədiyi təqdirdə Məcəllənin 529.3-cü maddəsi ilə protokol tərtib edilməlidir. Məlumatlandırmadan sonra və qərarın qüvvəyə mindiyi vaxtdan sonra 03 ay ərzində şəxs cəriməni ödəyərsə, Məcəllənin 529.3-cü maddəsinin tərkibi yaranmayacaqdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat verilməmiş, onun iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat vermək, hüquqlarını müdafiə etmək imkanından məhrum olmuş, inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərlə Şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı müəyyən edilmir. Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi Dövlət X2 polis mayoru X1 tərəfindən Şəxs barəsində Məcəllənin 529.3-cıümaddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol iki gün müddətində baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, müşayiət məktubundan da (19 fevral 2026-cı il) göründüyü kimi protokol qanunla müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə göndərilmişdir. Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi Dövlət X4 tərəfindən Məcəllənin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi Dövlət X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qaytarılsın. Bu qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar