Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-148/2026 13.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X4 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Rəcəbov küçəsində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 mart 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Xətai Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli 2(011)-14957/2016 saylı qətnaməsi üzrə verilmiş 15 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqəinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 30000 (otuz min) manat məbləği ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13 mart 2026-cı il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, icraatında olan iş üzrə bütün sübutlar toplanmış, həmçinin Şəxs təqdim etdiyi ödəniş qəbzləri hesablanmışdır və hazırki günədək Şəxs tələbkar Zərərçəkmiş şəxs 30000 (otuz min) manat məbləğində aliment borcu olması müəyyən olunmuşdur. Şəxs borcun ödənilməsindən qərəzəli olaraq yayınmışdır. Belə ki, dəfələrlə barəsində axtarış qərarı qəbul edilmiş və polis vasitəsi ilə şöbəyə gətirilmişdir. İsmayıllı rayon İcra və X8 Cəfərov aliment borcundan ödəniş edəcəyini vəd etmiş və vaxt istəmişdir. Vaxt verilməsinə baxmayaraq Şəxs vədinə əməl etməmiş və çağırışlara gəlməmişdir. Bundan başqa ötən müddət ərzində Şəxs eyni əmələ görə iki dəfə inzibati qaydada həbs edilmişdir. 2024-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilərkən, həmin icra vərəqəsi başqa icra məmurunun icraatına olmuş və hesablamanın düzgün olub-olmamasından məlumatı olmamışdır. Hazırda bütün ödənişlər onun tərəfindən tam araşdırılmış və borc məbləği tam müəyyən olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, hesablanmış aliment borcu məbləği ilə razı deyil. O, son 5 ayın aliment pulunun ödəməmişdir. Hazırda həmin məbləği tələbkara ödəyə bilər. İsmayıl adlı oğlu 5- 6 ildir ki, onunla birgə yaşayır və bunu uşaq özü də təsdiq edə bilər. Digər oğul övladı da, bir neçə il onunla birgə yaşamışdır. Bundan başqa hər ay aliment məbləğində ödənişlər etmiş, 5 ayın aliment borcundan başqa tələbkara borcu qalmamışdır. Borc məbləği tələbkarın sözü əsasında müəyyən edilir. Hər ay ödənişlər etsə də, ödəniş qəbzləri pozulmuş və oxunmaz vəziyyətə düşmüşdür. Ona görə də, bütün qəbzləri təqdim edə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs dedikləri yalandır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati həbsdən azad olmaq üçün hər dəfəsində müəyyən ödənişlər etmişdir. Hazırda onun 30000 (otuz min) manat aliment borcu vardır. Şəxs ona ödəniş etmiş olsaydı, ödəniş etdiyi qəbzləri saxladığı kimi həmin qəbzləri də, saxlamış olardı. Sadəcə məsuliyyətdən azad olmaq üçün yalanlar danışır. Hazırda Zamanın yanında qalan oğlunu 15 yaşınadək o saxlamışdır. Aliment borcunu tələb edir və qeyd etdikləri nəzərə alınmaqla iş üz qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xətai Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(011)-14957/2016 saylı qətnaməsi üzrə verilmiş 15 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2026-cü il tarixli arayışından görünür ki, hazırki vaxtadək borclu Şəxs icra vərəqəsi üzrə 30000 (otuz min) manat məbləğində borcunun ödəməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışla icra şöbəsinə gəlməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 3(010)- 763/2018 saylı qərarından görünür ki, eyni icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə əlaqədar təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 3(010)- 565/2023 saylı qərarından görünür ki, eyni icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə əlaqədar təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(037)-201/2024 saylı qərarından görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (həmin qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas, aliment borcunun düzgün hesablanmadığı və bununla bağlı Şəxs borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edəcəyi olmuşdur.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, vəkilin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, məhkəmə iclasında Şəxs icra məmuru tərəfindən göstərilən aliment borcunun düzgün hesablanmadığını, son 5 ay üzrə aliment borcunun olduğunu, aliment məbləğindən hər ay ödəniş etdiyini, maddi imkanı olmadığı üçün 2024-cü il tarixdən aliment borcunun silinməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilmədiyini bildirsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(037)-201/2024 saylı qərarından göründüyü kimi, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və həmin qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas, aliment borcunun düzgün hesablanmadığı və bununla bağlı Şəxs borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edəcəyi olmuşdur. Lakin sonrakı mərhələdə, Şəxs borcun ödənilməməsi səbəbindən göstərilən arqumentlərlə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Nəticə etibarilə, izahatdan görünür ki, borclu öz məsuliyyətini tam dərk etməmiş və qanuni öhdəliyini icra etməyi təmin etməmişdir. Borcun yaranma səbəbi ilə bağlı şəxsi iddiaları, onun qanuni icra öhdəliyini yerinə yetirməməsi hallarını əsaslandırmaq üçün yetərli deyil. Borclunun hərəkətləri məhkəmə qətnaməsinin icrasına maneçilik törədən fakt kimi qiymətləndirilə bilər və bu hal onun inzibati məsuliyyətini əsaslandırır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X3 törətdiyi inzibati xətanı etiraf etməyərək məsuliyyətdən boyun qaçırmasını, eyni icra vərəqəsi üzrə münasibətdə inzibati qaydada tənbeh olunmasını, inzibati qaydada tənbeh olunmasına baxmayaraq hazırki günədək qətnamənin icrasından qərəzəli olaraq boyun qaçırması şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi və məsuliyyətdən boyun qaçırması, həmçinin əvvəlki inzibati tənbehlərin şəxsin davranışına təsiri, onun şəxsiyyətini mənfi istiqamətdə xarakterizə edən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması, inzibati xətanın xarakterini, inzibati xətanın dərəcəsi (30000 manat məbləğində pul borcu), bir neçə dəfə eyni əmələ görə inzibati qaydada tənbeh olunmasına baxmayaraq, borc məbləğindən ödənişlər etməməsi faktı onun icra öhdəliyindən yayınmasını açıq şəkildə göstərir. Bu şəraitdə inzibati cərimə tədbiri borclunun davranışını dəyişdirmək və icra öhdəliyini təmin etmək baxımından məqsədəuyğun hesab edilə bilməz. Buna görə də, barəsində orta həddə yaxın inzibati həbsin tətbiqi qanuni və ədalətlidir. İnzibati həbs borclunun qanuni icra öhdəliyinə riayət etməsini təmin edən, təkrarlanan məsuliyyətsizlik hallarının qarşısını alan və inzibati tənbehin məqsədinə (qanuniliyin qorunması, icra öhdəliyinin yerinə yetirilməsinə) nail olmağa xidmət edən effektiv tədbir kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, əmlak vəziyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 13 mart 2026-cı il tarixdən, saat 12:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 13 mart 2026-cı il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(5-132)-148/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-148/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver