Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-55/2026 06.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X6 şikayətində qeyd etmişdir ki, İsmayıllı rayonu Bizlan kəndi yaxınlığında yerləşən “Xan Bağı” restoranını işlədir. 23 dekabr 2025-ci il tarixdə ekologiya idarəsinin əməkdaşları restorana baxış keçirmiş və restoranda əmələ gələn tullantıların qaz-toztutucu qurğu olmadan ətraf mühitə atılması faktını aşkar edərək, həmin fakt əsasında protokol tərtib etmişlər. Həmin protokol əsasında qərar qəbul edilərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, əməkdaşlar yoxlama apararkən manqalda od “köz” olmamaqla bişinti işi görülmürdü yəni avadanlıqdan istifadə edilmirdi, bu səbəbdən də, qurğu işlək vəziyyətdə deyildi və qurğunun istismar qaydasının pozulması halları baş verməməklə inzibati xəta hadisəsinin olması mövcud deyildir. Obyektdə hansısa ölçmə-analiz işləri aparılmamışdır. Ölçməanaliz işlərinin hansı cihazla, hansı qaydada aparıldığı, bu cihazın standartlara cavab verib-verməməsi, işlərin aparıldığı vaxt onun iştirakının təmin edilib-edilməməsi və sair vacib məlumatlar protokolda öz əksini tapmayıb. Protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun göstəricisi, tipi, markası, modeli və s barədə qeydlər qrafası var və burada həmin ölçmə analiz işlərinin hansı texniki vasitənin köməyi ilə aparıldığı barədə qeydlər göstərilməli idi. Əks halda, bu ölçməanaliz işlərinin nəticəsi (monitorinq aktı) sübut kimi nəzərə alınmamalıdır. Bundan başqa qeyd olunan yoxlama zamanı, həm də inzibati icraat aparılan zaman kobud qanun pozuntularına yol verilmişdir. Protokolda və qərarda idarə tərəfindən aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınması barədə məlumat yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 31.2 və 31.2.3-cü maddələrinin tələblərinə uyğun olaraq yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Reyestrdə qeydə alınmmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə də, inzibati tənbeh tədbiri icra edən inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla mənim barəmdə inzibati protokol tərtib etmiş, həmin protokol əsasında inzibati qaydada icraat başlayaraq məni əsassız olaraq inzibati cərimə etmişdir. Qeyd olunan qərar ona 21 yanvar 2026-cı il tarixdə rəsmi poçt vasitəsi ilə təqdim edilmişdir. Ərizəsinə əlavə etdiyi zərfdən də, göründüyü kimi qeyd olunan qərar xx.xx.2026-cı il tarixdə poçt şöbəsinə daxil olmuşdur. Ona görə də, qərardan şikayət vermə müddətini ötürməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. X6 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, heç bir xəbərdarlıq olunmadan barəsində cərimə tətbiq olunmuşdur. Həmçinin həmin ərazidə bir neçə restoran olsa da, yalnız üç restorana cərimə tətbiq edilmişdir. Monitorinq keçirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmalı idi. 10 gün sonra poçt vasitəsi ilə ona məktub göndərilib və bir neçə gün sonra cərimə olunması barədə qərar qəbul edilmişdir. Pandemiyadan sonra restoran çox az fəaliyyət göstərmişdir. Həmçinin bildiyimiz kimi həmin ərazidə yerləşən yol 2 ildən çoxdur ki təmir olunur və müştəri çox az sayda gəlmişdir. Çətin bir vəziyyətdə 3500 manat məbləğində cərimə olunması maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Restoranın yerləşdiyi ərazidə heç bir yaşayış evi yoxdur. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, həmin ərazidə reyd keçirilmiş, bir neçə restoranda qaz-toztutucu qurğuların olmaması aşkar edilmiş və bu barədə monitorinq aktı tərtib edilmişdir. Sonradan inzibati icraat başlamaq üçün şəxslər idarəyə dəvət olunmuşlar. Bundan sonra şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlamalar dövlət reystrində qeydiyyatdan keçirilmir, ekoloji məsələlərlə bağlı reydlər keçirilir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 94079 nömrəli aktın surətinə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0126 saylı sərəncamına əsasən xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən “Xan Bağı” restoranında manqalxanaya qaz-toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı məlum olmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 “Xan Bağı” restoranında qaz-toz tutucu təmizləyici qurğunu quraşdırmadan fəaliyyət göstərdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli Ç-MG/4526-001 saylı “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” ekoloji tələbin surətindən görünür ki, X4 İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən “Xan Bağı” restoranın manqalxanasında 1 (bir) ay müddətində qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmasının təmin olunması tələb olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 8.2. inzibati məsuliyyətə cəlb edilmiş şəxsin təqsirli olması barə şübhələr onun xeyrinə həll edilir. Maddə 53.2. hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 75.0.1. inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Maddə 75.0.3. inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Maddə 76.1. inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu” Maddə 71. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər.
2. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları: 2.1.qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu” 2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət (2026-cı il yanvarın 1dək) başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu” Maddə 1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri; Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 4-2. Yoxlayıcının vəzifələri 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları 4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.3. yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Maddə 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının qarşılıqlı əlaqəsinə görə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən “Xan Bağı” restoranının fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən “Xan Bağı” restoranının fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlqar Hüseynov