Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-65/2026 09.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən X1, qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, tərcüməçi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə 09 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şikayətin məzmunu X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin əsaslandırılması İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X9 şikayətində qeyd etmişdir ki, İsmayıllı rayonu, İvanovka kəndi ərazisində yerləşən “Magnolia İvanovka” istirahət mərkəzinin manqalxanasında qaz-toztutucu qurğunun quraşdırılması ilə bağlı “Ekoloji tələbin yerinə yetirilməməsi” nəticəsində AR İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törədildiyinə görə mən, 3000 (üç min) manat məbləğində cərimə edilmişəm. Həmin qərarda qeyd olunur ki, tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etdim ki, X3 tərəfindən AR İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törədilmişdir. Aşağıda göstərilən səbəblərə əsasən qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Beləki, ona göndərilən protokol üzrə “Magnolia İvanovka” istirahət mərkəzində qaz toztutucu qurğunun quraşdırılmasına dair “Ekoloji tələbin” yerinə yetirilməməsinə görə işin baxılmasında xx.xx.2026-cı il tarixdə saat 10:00-da iştirak etməyinə dair bildirişlə əlaqədar 6 saylı RETSİ-nin rəis əvəzi Xəzər Vəliyevə 13 yanvar 2026-cı il tarixdə rəsmi müraciət edərək, obyektin mülkiyyətçisi və təsisçisinin sənədlərini və mobil nömrəsini əlavə edərək məlumat vermişdir ki, həmin istirahət mərkəzinin mülkiyyətçisi və təsisçisi eyni zamanda oradan istifadə edən fiziki şəxs Bakı şəhər sakini X10r və onun ora heç bir aidiyyatı yoxdur. Xahiş etmişdir ki, işin düzgün və obyektiv araşdırılması üçün “Magnolia İvanovka” istirahət mərkəzində qaz toztutucu qurğunun quraşdırılmasına dair “Ekoloji tələbin” yerinə yetirilməməsini həmin şəxsdən tələb edilməsi üçün lazımi göstəriş verəsiniz. Lakin, heç bir əsas olmadan onun barəsində qərar çıxarılmışdır. Aşağıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir. Əvvəla, göstərilən “Magnolia İvanovka” istirahət mərkəzində yerləşən manqalxana uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır, lazımi ekspertiza təyin edilmiş olsaydı manqalxananın işləmədiyi öz təsdiqini tapardı. Əgər protokol və qərarda qeyd edildiyi kimi həqiqətəndə istirahət mərkəzində “Ekoloji tələb ” yerinə yetirilməmişdirsə həmin manqalxananın istismarının qadağan edilməsi ilə bağlı tədbirlər görülərdi və ya vəzifəli şəxs tərəfindən qeyd olunanlara qadağa qoyulması haqqında tələbnamələr verilərdi. Digər tərəfdən İdarənin rəis əvəzi göndərilən məktuba (vəsatətə) münasibət bildirilmədən qərar verilməsi qanuni və əsaslı sayıla bilməz. Hesab edir ki, qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət edilməmişdir. Göründüyü kimi xx.xx.2026-cı il tarixdə səlahiyyətili orqana (vəzifəli şəxsə) müraciət edilmiş, lakin orada qeyd edilənlər lazımi qaydada araşdırılmadan, istirahət mərkəzinə cavabdehlik daşıyan miilkiyətçi və təsisçinin iştirakını təmin etmədən xx.xx.2026-cı il tarixdə qərar çıxarılmışdır. Halbuki, müraciət ediləndən sonra istirahət mərkəzinin manqalxanasına baxış keçirilmiş olsaydı manqalxananın fəliyyətinin dayandırıldığı öz təsdiqini tapardı. Göründüyü kimi idarənin vəzifəli şəxsi sübtların təqdim edilməsinə şərait yaratmadan həmin nəticəyə gəlməkdə haqlı olmamışdır. 6 saylı RETSİnin rəis əvəzi X7 İnzibati xəta haqqında MN ******* saylı xx.xx.2026-cı il tarixli qərarını ləğv edərək, tərtib edilən protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, o, "xxxx" MMC-də işləyir. Həmin MMC-yə karamel firması və “lukoil” yanacaq doldurma məntəqələri aiddir. Ofis olmadığı üçün “Magnolia İvanovka” istirahət mərkəzində fəaliyyət göstərir. Yoxlama aparılarkən istirahət mərkəzinin direktoru Vidadi Əliyev orada olmadığı üçün yoxlama aparan şəxslərə köməklik göstərmişdir. Həmin vaxt direktor olduğunu desə də, əməkdaşlar onun istirahət mərkəzinin direktoru olduğunu başa düşmüşlər. Bundan sonra onu ekologiya idarəsinə dəvət etdikdə o, ərizə ilə müraciət edərək həmin istirahət mərkəzinə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Buna baxmayaraq barəsində qərar qəbul edilərək cərimə edilmişdir. Həmin istirahət mərkəzinin sahibi Vidadi Əliyevdir. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks idarəsinin əməkdaşları “Magnolia İvanovka” istirahət mərkəzində araşdırma aparılmış və həmin araşdırma da o da, iştirak etmişdir. İstirahət mərkəzinin manqalxanasına baxış keçirilmiş və manqalxananın işləmədiyini və orada qaz-toztutucu qurğunun olmadığı müəyyən edilərək akt tərtib edilmişdir. Yoxlama zamanı Valentina adlı xanım özünü oranın rəhbəri kimi təqdim etmişdir. 19 sentyabr 2025-ci il tarixdə pozuntunun aradan qaldırılması ilə bağlı məcburi göstəriş verilmişdir və həmin qurğunun quraşdırılması üçün 2 ay müddətində vaxt verilmişdir. 2 aydan sonra yenidən istirahət mərkəzinə baxış keçirilmiş və məlum olmuşdur ki, qurğu quraşdırılmamışdır. Bundan sonra şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Ona görə də, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 93222 nömrəli aktın surətinə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 0096 saylı sərəncamına əsasən xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı İsmayıllı rayonu, İvanovka kəndində yerləşən “Magnolia İvanovka” istirahət mərkəzində manqalxanaya qaz-toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı məlum olmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 sentyabr 2025-ci il tarixli, G-MG/4525/016 ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə ekoloji tələbdən görünür ki, X2 İsmayıllı rayon, İvanovka kəndində yerləşən “Magnolia İvanovka” iaşə obyektinin manqalxanasına qaz-toz tutucu təmizləyici qurğunun quraşdırılmasının təmin edilməsi üçün 2 (iki) ay müddət verilmişdir. X3 tərəfindən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Valentina Çebotaryeva istirahət mərkəzinə onun heç bir aidiyyətinin olmadığını, obyektin mülkiyyətçisi fiziki şəxs Bakı şəhər sakini X8 olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İvanovka kəndi, Kalinin küçəsi, ev 3 ünvanında 72 kvadratmetr torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 17 sentyabr 2025-ci il tarixli, G-MG/4525/016 saylı ekoloji tələbə, yəni manqalxanada qaz toz-tutucu təmizləyici quraşdırmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İstinad edilən qanunvericilik normaları və onların təhlilinə əsasən məhkəmənin mövqeyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 8.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 8.2. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Maddə 8.3. inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 53.2. hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 75.0.1. inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Maddə 75.0.3. inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Maddə 76.1. inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 541. Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Maddə 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə proses iştirakçılarını dinləyərək şikayət ərizəsini, tərəflərin dəlillərini və iş materiallarını təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xətanın baş verdiyi İsmayıllı rayonu İvanovka kəndində yerləşən “Magnolia İvanovka” istirahət mərkəzi X2 deyil, başqa şəxsə məxsusdur. Protokol tərtib edilərkən qeyd olunan xüsusat araşdırılmamış, X1 qeyd olunan inzibati xətaya aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının qarşılıqlı əlaqəsinə görə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, X1 şikayəti qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə: q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(5-132)-65/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-65/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver