Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-77/2026 20.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin faktik halları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Məcəllənin 266.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 10-da xx.xx.2026-cı il tarixdə tullantıların düzgün idarə edilməməsi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Məcəllənin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıların izahatları Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, idarənin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və “bazar” adlanan ərazidə tullantıların yayılması faktı aşkar edilmişdir. Bununla bağlı inzibati icraat açılaraq araşdırma aparılmışdır. MMC tərəfindən İsmayıllı Kommunal Müəssisələri Kombinatı ilə müqavilələrinin olması bildirilsə də. heç bir sənəd təqdim olunmamışdır. Təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi MMC tərəfindən qeyd olunan inzibati xəta törədilmişdir. Yoxlamanın keçirilməsi qeydiyyata alınmamışdır. Çünki onlar tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və həmin monitorinqlərin qeydə alınmasına ehtiyac yoxdur. Bununla bağlı hər hansı rəsmi sənəd təqdim edə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 oğlu izahatında bildirdi ki, ”bazar” adlanan ərazidə hər gün axşam saatlarında tullantılar yığılır və səhər saatlarında İsmayıllı Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən yığılaraq təmizlənir. Bununla bağlı İsmayıllı Kommunal Müəssisələri Kombinatı ilə aralarında müqavilə də bağlanılmışdır və hər ay 650 (altı yüz əlli) manat məbləğində ödəniş olunur. Ekologiyanın əməkdaşları əraziyə axşam saatlarında gəlmiş və foto şəkillərdə həmin vaxt çəkilmişdir. Həmin əraziyə kiçik ölçülü tullantı qablarının qoyulması mümkün deyil. Çünki tullantılar çox olduğundan İsmayıllı Kommunal Müəssisələri Kombinatının əməkdaşları həmin qablar vasitəsi ilə tullantıların yığılmasına etiraz edirlər. Bazar ərazisində çoxlu sayda kiçik ölçülü tullantı qabları mövcuddur. Bununla bağlı foto şəkilləri təqdim edir. Lakin həmin ərazidə qabların qoyulması mümkün deyil. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: 23 dekabr 2025-ci il tarixli monitorinq aktından görünür ki, 6 saylı RETSİ-nin xx.xx.2025-ci il tarixli sərəncamına əsasən “ətraf mühitin mühafizəsi haqqında” “ekoloji təhlükəsizlik haqqında” və digər ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinin icra vəziyyəti ilə bağlı İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı əraziyə atılmış tullantıların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “bazarın” fəaliyyəti nəticəsində əmələ gəldiyi, qalaqlanaraq ətraf mühitə yayıldığı müəyyən edilmişdir. Həmçinin müvəqqəti saxlama yerində urnaların yerləşdirilmədiyi və kənarlarının hasarlanmadığı, nəticədə tullantıların ətraf əraziyə yayıldığı məlum olmuşdur. 01 aprel 2025-ci il tarixli, 31 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İsmayıllı Kommunal Müəssisələri Kombinatı arasında tullantıların daşınması ilə bağlı 06 yanvar 2025-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək müqavilə bağlanmışdır. 06 yanvar 2026-cı il tarixli, 05 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İsmayıllı Kommunal Müəssisələri Kombinatı arasında tullantıların daşınması ilə bağlı 06 yanvar 2026-cı il tarixdən 31 mart 2026-cı il tarixədək müqavilə bağlanmışdır. Fotoşəkillərdən görünür ki, “bazar” adlanan ərazidə tullantı məhsulları ərazidə toplanmışdır. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Məcəllənin 266.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli monitorinq aktından görünür ki, "xxxx" MMC-nin yerləşdiyi ünvana yoxlama aparılmış, lakin müvafiq akt vahid məlumat reyestrində qeydə alınmadan tərtib edilmişdir. Səlahiyyətli orqanın qanunla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, "xxxx" MMC-də monitorinq keçirdiyinə, lakin orada aparılacaq yoxlama ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə heç bir məlumat göndərmədiyinə, keçirilmiş yoxlamanın nəticəsində monitorinq aktı və protokol tərtib edilsə də, araşdırmanın qanunvericiliklə müəyyən edilmiş imperativ tələblər (sahibkarlıq fəaliyyəti subyektində yoxlamanının aparılması haqqında qərar qəbul edilmədən və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan) nəzərə alınmadan aparılmışdır. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu” Maddə 71. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər.
2. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları: 2.1.qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu” 2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət (2026-cı il yanvarın 1dək) başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu” Maddə 1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri; Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 4-2. Yoxlayıcının vəzifələri 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları 4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.3. yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Maddə 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının qarşılıqlı əlaqəsinə görə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İsmayıllı rayonu İvanovka kəndi tam orta məktəbin təmir işlərini aparan "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi yoxdur. Məcəllənin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Məcəllənin 266.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 29 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Məcəllənin 266.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Qoşqarova