Məhkəmə qərarları › İş №3(5-132)-98/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-98/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-98/2026 17.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Talıstan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 16 fevral 2026-cı il tarixdə İsmayıllı şəhəri ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Məcəllənin 510 və 535.1-ci maddələri ilə 17 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs başqa şəxsə mobil telefon vasitəsi ilə səs ataraq özünü polis əməkdaşı kimi tanıtmış və onu rayon polis şöbəsinə dəvət etmişdir. Həmin şəxsin şikayəti əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, özünü yalandan polis əməkdaşı kimi tanıdan İsmayıllı rayon sakini Şəxsdur. Bununla bağlı polis əməkdaşları Şəxs rayon ərazisində yerləşən çay evində aşkar etmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onun barəsində müvafiq maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, səs atdığı şəxsi uzun müddətdir ki tanıyır. Həmin şəxs xoşagəlməz sözlərlə onun tanışını sosial şəbəkədə paylaşmışdır. Həmin şəkilləri silməsi üçün özünü polis əməkdaşı kimi tanıtmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsində dəvət etdikdə, polis şöbəsinə getməkdən imtina etmiş və ucadan səs-küy salmışdır. Ailəsində maddi cəhətdən sıxıntılar vardır və həmin vaxt etdiyi hərəkətin qanunsuz olduğunu dərk etməmişdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Bütün bunları nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X6 patrul xidməti Bölüyünün polis serjantı X3 bildirdi ki, Şəxs özünü yalandan polis əməkdaşı kimi tanıtması ilə bağlı polis şöbəsinə şikayət daxil olmuş və bununla bağlı araşdırma aparılması üçün onun polis şöbəsinə gətirilməsi zərurəti yaranmışdır. Həmin gün Şəxs rayon ərazisində olan çay evində aşkar edilmiş və ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Şəxs həmin vaxt ucadan nalayiq ifadələr işlətmiş və polis şöbəsində getməkdən imtina etmişdir. Bir qədər sonra Şəxs polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə İsmayıllı rayonu ərazisində ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. “İnzibati qaydada tutma haqqında” 16 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, xırda xuliqanlıq ictimai qaydada qəsd edən inzibati xətadır. Belə ki. xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydada, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə. İstirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş polis əməkdaşının izahatı və barəsində icraat aparılan şəxsin izahı, şahidlərin ifadəsi əsasında müəyyən edilmişdir ki, 16 fevral 2026-cı il tarixdə İsmayıllı rayonu ərazisində Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş və bu hərəkəti ilə ətrafdakı sakinlərin normal rahatlığını və ictimai asayişi pozmuşdur. Həmin ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini və barəsində olan şikayət ərizəsi ilə bağlı araşdırma aparılması üçün şöbəyə dəvət etməsinə baxmayaraq, tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs izahatında törətdiyi inzibati xətanı etiraf etmiş və əməlindən peşman olmaqla, bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında tərəflərin izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olduğunu nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiyası çərçivəsində tənbeh edilərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməlidir. Şəxs məhkəmə iclas zalında dərhal inzibati həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiyası çərçivəsində tənbeh edilərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməlidir. Şəxs məhkəmə iclas zalında dərhal inzibati həbsdən azad edilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar