Məhkəmə qərarları › İş №3(5-133)-62/2026

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-62/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-62/2026 16.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs)- X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X6nin (bundan sonra: X13 Xidmətinin Gəncə- X14) rəisinin 28 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (25 noyabr 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:3V9SDY4 Kəlbəcər rayonunun Dəmirçidam kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, ali təhsilli, evli, işləməyən) X1 Rayon Məhkəməsinə yazılı şikayət verərək, barəsində X13 Xidmətinin Gəncə- X14 tərəfindən qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin X6 tərəfindən onun barəsində 28 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar heç bir qanunvericiliyə əsaslanmamışdır. Belə ki, Göygöl Rayon Prokurorluğu tərəfindən qərəzli formada qəbul edilmiş qərar üzrə inzibati xəta haqqında icraat prokurorluq tərəfindən başlanmış və X13 Xidmətinin X6nə göndərilmişdir. İnzibati xəta haqqında icraat zamanı X13 Xidmətinin X6nin aidiyyəti əməkdaşları heç bir araşdırma aparmadan, onu və ya qarşı tərəfi qəbul etmədən birbaşa cərimənin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Əgər qarşı tərəfin yenidən izahatı alınsa, həmin şəxs əsl həqiqətləri, yəni onun yanında çoban kimi işləmədiyini, heyvanları onun yanında şərikli formada saxladığını bildirərdi. Göygöl Rayon Prokurorluğu tərəfindən qərəzli formada başlanmış inzibati icraat və X13 Xidməti X6 tərəfindən 28 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassız və qərəzli formada tətbiq edilmişdir. O və qarşı tərəfin məhkəmənin hüzurunda əsl həqiqətləri bildirmələri üçün onların məhkəməyə dəvət edilməsini, bütün tərəflərin dinlənilib ədalətli hökm çıxarılmasını və əsassız formada tətbiq edilmiş qərarın ləğv edilməsini xahiş edir. Bundan başqa, X13 Xidmətinin X6 tərəfindən 28 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun fiziki şəxs olduğu qeyd olunmasına baxmayaraq, fiziki şəxs üçün nəzərdə tutulmuş cərimədən artıq cərimə yazılmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Lakin o, fiziki şəxs olmasına baxmayaraq, onun barəsində 3500 (üç min beş yüz) manat cərimə yazılmışdır. İşin hallarından görünür ki, Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X9 icraatında olan 25-1-2-2-419-0022 nömrəli material üzrə qəbul etdiyi 30 dekabr 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarla fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması, şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X13 Xidmətinin X6nə göndərilməsi qərara alınmış, həmin qərar əsasında X13 Xidmətinin X6nin rəisi X12 tərəfindən 28 yanvar 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən: “Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki şəxs X5 tərəfindən Göygöl rayonunun Toğanalı kəndi ərazisində yerləşən fermada 2025-ci ilin iyul və avqust aylarında, X10 isə 2025-ci ilin oktyabr ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduqları müəyyən edilmiş, nəticədə X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”; X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası 19 fevral 2026-cı il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 06 mart və 16 mart 2026-cı il tarixlərə təxirə salınmışdır. 16 mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs)- X5 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətinə uyğun izahat verərək bildirmişdir ki, o, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxsləri- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid çoban kimi işlətməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ər-arvadırlar; o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qoyun alıb vermiş, həmin qoyunların sayını artırdıqdan sonra isə öz payını götürəcəyini bildirmişdir. Lakin Aydan və Nicat qoyunları satmış və ona olan borclarını qaytarmamaq üçün onun barəsində Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə müraciət edərək şərböhtan xarakterli məlumat vermişlər. Onların qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yay aylarının sonunda heyvan vermiş, onları çoban kimi işlətməmişdir. Həmçinin Şahid da çoban kimi işlətməmişdir. Şahidla şərikli təsərrüfat idarə etmişlər. Heyvanın otunu, yemini o aldığı üçün on gün o, iyirmi gün isə Aqil təsərüffatı idarə etmişdir. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Şahid qismində 19 fevral 2026-cı il tarixli məhkəmə iclasında izahat vermiş Şahid izahatında bildirmişdir ki, iki ildir ki, X4 tanıyır. Özünə məxsus 60 (altmış) baş qoyunu Səməndərə məxsus 140 (yüz qırx) baş qoyunla birləşdirərək birlikdə saxlayırlar. O, Səməndərin işçisi deyildir; sərbəst qaydada Səməndərlə şərikli formada mal-qara təsərrüfatlarını idarə edirlər. İş materiallarında olan: Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X9 icraatında olan 25-1-2-2-419-0022 nömrəli material üzrə qəbul etdiyi 30 dekabr 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs X5 (FİN:3V9SDY4; VÖEN: **********) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərar və toplanmış materialın şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X13 Xidmətinin X6nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan: X13 Xidmətinin X6nin rəisi X12 tərəfindən qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki şəxs X5 tərəfindən Göygöl rayonu, Toğanalı kəndi ərazisində yerləşən fermada 2025-ci ilin iyul və avqust aylarında, X10 isə 2025-ci ilin oktyabr ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarına görə X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan: X5 tərəfindən X13 Xidmətinin X6nə verilmiş 28 yanvar 2026cı il tarixli izahatdan görünür ki, X5 06 dekabr 2025-ci il tarixli Göygöl rayon prokurorluğuna təqdim etdiyi izahatında yazdıqları ilə bağlı heç bir etirazı yoxdur. Prokurorluğun ona qərəzli yanaşdığını düşünür. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin: birinci (İ) hissəsində bəyan edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; ikinci (İİ) hissəsində bəyan edilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; üçüncü (İİİ) hissəsində bəyan edilir ki, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; dördüncü (İV) hissəsində bəyan edilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -127-ci maddəsinin dördüncü (İV) hissəsində bəyan edilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -6-cı maddəsinin “d” bəndindən görünür ki, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. -7-ci maddəsinin: 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; -2ci hissəsinin 12 avqust 2024-cü il tarixədək (o cümlədən inzibati orqan tərəfindən iddia olunan əmək münasibətlərinin mövcud olduğu dövrdə) qüvvədə olmuş mətninə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 2-3-cü hissəsinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81-1.1-cı maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. -81-1.2-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. -84.1-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -84.2-cı maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X3 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə araşdırması nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid öz təsərrüfatında mülki münasibətlər əsasında deyil, işçi olaraq işlətməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmənin çağırışına gəlmədiklərindən həmin şəxslərin məhkəmədə izahatlarının alınması mümkün olmamış, Şahid isə məhkəmədə vediyi izahatında X5 ilə aralarındakı münasibətin əmək münasibəti deyil, mülki münasibət olduğunu bildirmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetməmiş və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də X3 şikayəti təmin edilməli, X13 Xidmətinin X6nin rəisi tərəfindən X5 barəsində qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X6nin rəisi tərəfindən X5 barəsində qəbul edilmiş 28 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar