Məhkəmə qərarları › İş №3(5-134)-1/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-1/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-1/2026 07.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Topalhəsənli Ə/D, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, inzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra vərəqəsinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Baxşıyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 nömrəli icra sənədinə əsasən, ondan 7416,63 manat məbləğində borc və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 94,16 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borcun yaranmasının səbəbi odur ki, Xırdalan çörək zavodu işlədiyi mağazaya çörək vermiş, həmin mağazanın sahibi VÖEN-i onun adına açdığı üçün yaranmış borc onun üstündə qalmış, mağazanın sahibi külli miqdarda pul mənimsədiyi üçün hazırda həmin iş üzrə prokurorluqda cinayət işi gedir və orda zərərçəkmiş şəxs qismində tanınır. Maddi imkanı çətin olduğu üçün bu günə qədər borcunu tam şəkildə ödəyə bilməmiş, lakin bu gündən sonra borcundan hər ay hissə-hissə ödəniş edəcəkdir. O, borcundan 350 manat ödəniş etmişdir. Dediklərinin nəzərə alınaraq ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs 7416,63 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,16 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; İcraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs borcun könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borclu tərəfindən imzalanaraq qəbul edilmişdir. izahatdan görünür ki, Şəxs icra sənədlərinin icrası tələb edilmiş, sonuncu ödəniş edəcəyinə söz vermişdir: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-206/2025 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(041)-180/2025 saylı qərardadından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(121)-1731/2025 saylı icra sənədi üzrə borclu Şəxs adına olan “CHEVROLET AVEO” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-1052/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, onun hazırkı tarixə 7160,79 manat borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarına əsasən borclarını üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)- 1731/2025 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Baxşıyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-1052/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsə də həmin vaxtdan keçən müddət ərzində borcunun ödənilməsinə səy göstərməmişdir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə Şəxs qismən ödəniş etməsinə münasibətdə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-1731/2025 saylı icra sənədinin borclu tərəfindən hissə-hissə icra edilməsi barədə müvafiq məhkəmə qərarı olmamış, həmçinin, qismən ödəniş onu məsuliyyətdən azad etmək üçün əsas olmamışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Baxşıyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Baxşıyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar