Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-126/2026 10.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Məhkəmə iclas katibi Zeynalova Leyla Fariz qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-102)-100/2026 saylı qərardadı ilə xx.xx.2026-cı il tarixdə Kürdəmir Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən taksi dayanacağında dayandığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə ona 40 manat cərimə yazılmış, halbuki, taksi fəaliyyəti ilə məşğul olur və bununla bağlı sənədləri var. Şikayətə baxılmasının vaxtı və yeri barədə X2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məlum olur ki, X4 xx.xx.2026-cı il tarixdə, saat 10:21-də Səbail-Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ərazisində BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK markalı 77VS106 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. A.A.Məmmədov şikayətində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, şikayətinə şəxsiyyət vəsiqəsinin surətini əlavə etmiş, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış kartını məhkəməyə göndərmişdir. Halbuki, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülərin “fərqlənmə nişanı”, avtomobillərin isə müvafiq rəng (ağ və ya qara) və texniki tələblərə cavab verməsi şərtdir. Sürücülər həmçinin xüsusi təlimlərdən keçməli və psixoloji testlərdən keçdiklərini təsdiq edən sənəd almalıdırlar. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün əsas tələblər: 1) Sürücü vəsiqəsi: Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması. 2) İş təcrübəsi: Sürücülük təcrübəsi tələblərinə cavab vermək. 3) İcazələr: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) buraxılış vəsiqəsi və fərqlənmə nişanı almaq. 4) Avtomobilin rəngi və yaşı: Avtomobilin texniki vəziyyəti, buraxılış ili və rəngi (qanunvericiliklə müəyyən edilmiş qaydada) qaydalara uyğun olmalıdır. 5) Sağlamlıq: Sürücülərin tibbi müayinədən keçməsi və psixoloji durumunun normal olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra-Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. 3.1. Forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” avtonəqliyyat vasitəsinin qabaq şüşəsinin yuxarı sağ küncünə yapışdırılır. 3.8. Agentlik “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi məlumat verir. 3.9. “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq, dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər. “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən, fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi miqdarında məbləğin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Hazırki iş üzrə şikayətçi taksi fəaliyyəti ilə məşğul olmaq üçün zəruri hesab edilən sənədləri şikayətinə əlavə etməmiş, təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyindən həmin sənədlərin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, X1 xx.xx.2026-cı il tarixdə, saat 10:21-də Səbail-Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ərazisində yerləşən taksi duracağında saxladığı BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK markalı 77VS106 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi taksi minik avtomobili olmayan nəqliyyat vasitəsi hesab edildiyindən, şikayət edilən qərar qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən, həmin qərardan X4 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-126/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-126/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver