Məhkəmə qərarları › İş №3(5-134)-132/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-132/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-132/2026 03.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Nəsirova Aydan Fərhad qızının katibliyi, X1, Kürdəmir rayon polis şöbəsini təmsil edən X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Facebook” adlı sosial şəbəkədə yayılması qadağan edilən informasiyalar yerləşdirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon polis şöbəsini təmsil edən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolu əsaslandıraraq bildirdi ki, Kürdəmir RPŞ-nin ƏRQ-nun operatoru, polis kiçik serjantı X7 xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nin rəisinə raportla müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Şəxs” adlı səhifədə İnformasiya Telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanı yerləşdirməsi, belə ki, ölkə başçısı və onun ailə üzvləri haqqında fotoşəkillər qoyaraq təhqiramiz fikirlər yazmasını aşkar etdiyini bildirmişdir. Həmin şəxs xx.xx.2026-cı il tarixdə saat 15 radələrində saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilərək izahatı alınmış, nəticədə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 388-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, “Facebook” sosial şəbəkəsində “Şəxs” istifadəçi adı ona məxsusdur. 2021-ci ildə əlilliyi əsassız olaraq dayandırılmış, etdiyi müraciətlərə baxmayaraq məsələ öz həllini tapmamışdır. Bundan əlavə digər sahələrdə də, özbaşınalıq və insan hüquqlarının pozulması halları kütləvi hal aldığından dövlətin rəhbərliyi barəsində tənqidi fikirlərini öz səhifəsində paylaşır. Həmin səhifədə də ölkənin rəhbəri və digər vəzifəli şəxslərə etiraz və narazılığını bildirmişdir. Susmaq fikrində deyil, ölkədə baş verən haqsızlığa qarşı etirazlarını bildirəcəkdir. Şəxs suallara cavab olaraq bildirmişdir ki, İ Qarabağ müharibəsi iştirakçısı olmuş və ona ayaq barmaqlarının amputasiyası səbəbilə əllilik müəyyən edilmiş, 2021-ci ildə əlilliyi ləğv edilmişdir. Əməlindən peşman deyil, etdiyi paylaşımların əsas məqsədi ləğv edilmiş əlilliyinin bərpa olunması üçün fikirlərinin dövlət qurumlarına çatdırılması olmuşdur. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X2 çıxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına (https://www.facebook.com/movsum.m.mm/dov.) “Şəxs” başlığı altında 2025-ci ilin yanvar ayından dekabr ayına kimi və 2026-cı ilin yanvar ayında yayılmış fotoşəkillər, hər bir fotoşəkilə aid təhqiramiz ifadələr və karikaturalar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-867/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 01 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Əvvələn məhkəmə qeyd edir ki, “şəxsi və ailə həyatı”na hörmət hüququ milli qanunvericiliyimizlə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da yer almışdır və bu hüququn təmin edilməsi “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Eyni zamanda, həmin maddədə bildirilmişdir ki, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Konstitusiyanın sözügedən maddəsində həmçinin yazışmaların toxunulmazlığına da münasibət bildirilərək, aşağıdakı normalar öz əksini etdirmişdir: Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu maddəsində qeyd edilmişdir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Həmin Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir. Həmin Qanunun 13-4-cü maddəsində qeyd edilmişdir ki, bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İXM-nin 388-1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə də, Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Şəxs” adlı səhifədə ölkənin rəhbəri və onun ailə üzvləri barəsində təhqir xarakterli paylaşımlar etməklə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikasının İXM-nin 388-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, “Facebook” sosial şəbəkəsində “Şəxs” adlı səhifədə yayımlanan materiallar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 388-1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilən inzibatı xətaya görə tətbiq edilməli olan inzibati tənbeh məsələsinə gəldikdə ilk növbədə qeyd edilməlidir ki, Şəxs bundan əvvəl də törətdiyi eyni inzibati xətaya görə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-867/2023 saylı qərarı ilə barəsində 01 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, eyni inzibati xətanı təkrarən törətmişdir. Bu hal onu göstərir ki, Şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsir göstərməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar