Məhkəmə qərarları › İş №3(5-134)-190/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-190/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-190/2026 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, daxil olmuş materiallar əsasında Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhərində, avtovağzal yaxınlığında səkinin kənarında gəzəndə yerdə bir ədəd sellofan kəsiyi görmüşdür. Həmin sellofan kəsiyi maraq kəsb etdiyinə görə həmin bükümü götürüb baxanda içərisində narkotik vasitə qurudulmuş marixauana olduğunu görmüşdür. Həmin bükümü götürüb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 01:20 radələrində şəhəri piyada gəzərkən Kürdəmir Rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Hazırda törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkir, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/736 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "... Şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 0,16 qram, tədqiqata istifadə olundu – 0,02 qram, qalıq – 0,14 qram; Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 1786 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur; xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma barədə qərardaddan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs icraatdan yayınaraq qaçıb gizləndiyindən iş üzrə icraat dayandırılmışdır; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddə ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.14 qram qalığı Kürdəmir RPŞ-nin saxlanma yerinə təhvil verilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan xx.xx.2025-ci il tarixə saat 00:30-a kimi müddətdə şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində Kürdəmir şəhəri ərazisində saxlanılmış və üzərinə baxış keçirilərkən qurudulmuş marixuana aşkar edilib götürülmüşdür; Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2718/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1337/2025 saylı qərarı ilə İXM-in 206, 535.1, 510-cu maddələri ilə, İmişli Rayon Məhkəməsinin 3(036)-724/2025 saylı qərarı ilə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyanın 155543 nömrəli vəsiqəsindən görünür ki, Şəxs müharibə veteranıdır; Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs inzibati xətanın törədilməsində təqsiri onun etirafedici izahatı ilə yanaşı iş materiallarına əlavə edilmiş sənədlərlə tam olaraq sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs müharibə veteranı olması və medallarla təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi (İXM-in 32.2) nəzərə alır. Məhkəmədə Şəxs inzibati xətaya görə inzibati tənbeh aldıqdan sonra eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (İXM-in 33.1.2) məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Şəxs əvvəllər də eyni inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb olunmasını və təkrar inzibati xəta törətməsini onun barəsində cərimə növündə inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət etmədiyini göstərir. Beləliklə məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona aşağı həddə inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 115.4.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda dövriyyədən çıxarılmış əşyaların aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməsi, yaxud məhv edilməsi həll edilməlidir. Odur ki, iş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanma yerinə təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş 0,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0,14 qram qalığı məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan, xx.xx.2025-ci il tarixə saat 00:30-a dək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona tətbiq edilmiş 15 (on beş) gün inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətində inzibati həbs tənbeh tədbiri saxlanılsın. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş 0.16 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.14 qram qalığı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın inzibati həbsə dair hissəsinin icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar