Məhkəmə qərarları › İş №3(5-134)-191/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(5-134)-191/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(5-134)-191/2026 10.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin polis mayoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 dekabr 2025-ci il tarixli, TP7726925 nömrəli və 29 dekabr 2025-ci il tarixli, TP7737013 nömrəli qərarlarından şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin polis mayoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 dekabr 2025-ci il tarixli, TP7726925 nömrəli və 29 dekabr 2025-ci il tarixli, TP7737013 nömrəli qərarlarından Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət etmiş, həmin məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. X3 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayətini əsaslandıraraq izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində ona edilən telefon zəngi vasitəsilə DYP inspektoru tərəfindən xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə etdiyi nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-1-ci maddəsinin tələblərini pozduğu barədə məlumatlandırılmışdır. Qeyd olunan iddia ilə bağlı inzibati xəta haqqında protokolun tərtib olunacağı və buna əsas kimi xüsusi texniki vasitələrin (kamera) görüntülərinin mövcudluğu bildirilmişdir. Lakin qeyd olunan inzibati icraat prosesində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur: Belə ki, İXM-in 38.6cı maddəsinin tələbinə əsasən, Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar (o cümədən 327.1-327.5-ci maddələr) üzrə elektron qərar və ona alavə edilmiş foto/video materiallar xətanın törədildiyi gündən etibarən 24 saat milddətində nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində yerləşdirilməlidir. Əks halda, şəxsin inzibati məsuliyyətə cəlb olunması qanunla istisna edilir. İXM-in 53.1.11-ci maddəsinə müvafiq olaraq, elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta üzrə icraat rədd edilməlidir. Onun müraciətinə əsasən İXP7664301 nömrəli və İXP7679157 nömrəli inzibati xəta haqqında protokol şikayətindən 20 gün sonra elektron kabinetə yerləşdirilmişdir. Bu isə birbaşa prosessual müddətlərin pozulması deməkdir. Müvafiq qərardan xx.xx.2025-ci il tarixində DİN-in "F-Polis" sistem vasitəsilə şikayət etməsiə baxmayaraq, qanunla müəyyən olunmuş müddətdə cavab verilməmiş və rəsmi cavab yalnız xx.xx.2026-cı il tarixində ona çatdırılmışdır. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarına X3 və Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi gəlmədiyi üçün, işə onların iştirakı olmadan baxılmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala təqdim edilmiş sənədlər əsasında baxılır. Şikayətçi inzibati tənbeh vermə haqqında qərarın surətini və Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin rəisi R.Piriyevin ona ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubunu şikayətinə əlavə etmiş, məhkəmə iclası bir neçə dəfə təxirə salınmaqla verilmiş müddət ərzində şikayətində qeyd etdiyi halları təsdiq edən sübutlarını (foto, video görüntüləri və sair) məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar əl ilə nömrələnmiş blankda tərtib edilərək bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırki iş üzrə də şikayətdə göstərilən halların müəyyən edilməsi üçün həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitələrlə əldə edilən məlumatların yoxlanılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verilməlidir. Sübutlar (elektron qərar, foto və ya video qeydiyyat və sair) mövcud olduğu halda məhkəməyə şikayət verə bilər. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edildiyi kimi, E.Ə.Abdullazadənin şikayətinə iş üzrə zəruri hesab edilən sübutlar əlavə edilmədiyinə görə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 122, 126-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin polis mayoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 dekabr 2025-ci il tarixli, TP7726925 nömrəli və 29 dekabr 2025-ci il tarixli, TP7737013 nömrəli qərarlarından verdiyi şikayəti onu verən şəxsə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar