Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-244/2026 02.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, daxil olmuş materiallar əsasında Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. 2026-cı ilin fevral ayının əvvəlində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2026-cı il tarixdə səhər saat 10 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş, onu narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birgə RPŞ-nə gəlmiş, polis əməkdaşları ilə Gəncə şəhər Narkoloji Dispanserinə müayinədən keçməyə getmişdir. Narkoloji Dispanserdə müayinə vaxtı narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. İstifadə etdiyi narkotik vasitə hesab olunan marixuananı tapmışdır. Ona heç bir formada təzyiq göstərilməmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkir, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli Kürdəmir Rayon Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin RPŞ-nin İTBnə göndərilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir; Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2026-cı il tarixli, 289 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; xx.xx.2026-cı il tarixli, 838/2026 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddə ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmişdir; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmişdir; Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs əməlində narkotik vasitələrin qanunsuz istehlakı əlamətləri mövcuddur, inzibati xətanın törədilməsində təqsiri onun özünün etirafedici ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş sənədlərlə tam olaraq sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM-in 32.1.1), əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Narkotik vasitələrin istifadəsinin cəmiyyət üçün mənfi nəticələr doğurduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbehin tərbiyəvi və profilaktik məqsədlərinə nail olunması üçün cərimə növündə tənbeh kifayət etməyəcəkdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların isə olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona aşağı həddə inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa narkoloji tibbi yoxlamanın rəyinə əsasən Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın inzibati həbsə dair hissədə icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-134)-244/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-244/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver