Məhkəmə qərarları › İş №3(5-134)-315/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-315/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-315/2026 16.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonu Çöl-Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, evli, Kürdəmir rayonu Çöl-Ərəb kəndində qeydiyyatda olan Şəxs barəsində Kürdəmir rayon İcra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1734/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və probasiya şöbəsinin icra məmuru K.E.Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1734/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 157858.23 (yüz əlli yeddi min səkkiz yüz əlli səkkiz, iyirmi üç) Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, 2365 (iki min üç yüz altmış beş) manat məbləğində pul, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 (dörd yüz səksən beş) manat, habelə, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 74 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi tam icra etməmiş, tələbkara olan ümumi borcu 5372 manat təşkil edir. Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş üzrə tələbkarın tələbi əsasında borclu borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhərində yaşayır, evlidir və 3 övladı var. Özü yük avtomobili (TİR) sürür, borclu olduğu üçün ölkədən çıxmağına qadağa qoyulmuş və ona görə də ölkə daxilində sürücülük edir. Hər ay 700 manat, bu ayın 20-si isə 1000 manat ödəniş edə bilər. Bütün bunları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1734/2024 saylı icra sənədinə əsasən, borclu Şəxs 157858.23 (yüz əlli yeddi min səkkiz yüz əlli səkkiz, iyirmi üç) Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, 2365 (iki min üç yüz altmış beş) manat məbləğində pul, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 (dörd yüz səksən beş) manat, habelə, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 74 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir; - İcraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1734/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmiş və o, xx.xx.2025-ci il tarixdə bildirişi almışdır; - Borclunun axtarılması barədə xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir; - İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli bank ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən 400 manat və 500 manat olmaqla, ümumilikdə 900 manat tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. - Şəxs xx.xx.2026-cı il tarixli izahatının surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə 5372 manat borcu olduğunu etiraf etmiş, borcun tam ödənilməməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı ilə onun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədi üzrə 5372 manat borcu olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 16 mart 2026-cı il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar