Məhkəmə qərarları › İş №3(5-134)-61/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-61/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-61/2026 16.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, barəsində olan şikayət ərizəsi ilə ələqədər Şəxs izahatının alınması üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin vaxt Şəxs heç bir əsaslı səbəb olmadan ünvanlı və ünvansız söyüşlər söyməyə başlamışdır. Ona görə də Şəxs RPŞ-nə dəvət ediblər, lakin o, polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq yanlarından qaçmaq istəyib və onlarla mübahisə etməyə başlayıb. Polis əməkdaşları Kürdəmir RPŞ-nin növbətçi hissəsinə məlumat verərək kömək istəyiblər, ondan sonra polis əməkdaşları Şəxs məcburi RPŞ-nə gətirmişlər. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilib, 510-cu maddəsi ilə isə təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş şəxs X1 2000 manat borc pul götürmüş, 1000 manatını qaytarmış, qalan 1000 manatını isə aylıq əlinə pul düşdükcə qaytaracağını bildirmişdir. Həmin vaxt evdə olarkən pulu olmadığı üçün əsəbləşmiş, bu zaman zərərçəkmiş şəxs ona zəng edərək borcunu tələb etmiş və həmin vaxt əsəbi olduğu üçün zərərçəkmişin ünvanına telefonda nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs ondan şikayət ərizəsi ilə polisə müraciət etmiş, polis əməkdaşları onu şöbəyə dəvət edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Amma o xırda xuliqanlıq etməmiş, küçə söyüşləri söyməmişdir. Əməlindən səmimi peşimançılıq çəkir, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-in sahə polis nəfəri, polis baş serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə bir nəfər rayon sakini şikayət ərizəsi ilə şöbəyə müraciət dərək həmkəndlisinin ona pul borclu olduğunu və şikayətçi olduğunu bildirmiş, xx.xx.2026-cı il tarixdə vətəndaşı şöbəyə dəvət etmək üçün Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 ilə birlikdə Kürdəmir rayonu, Şilyan kəndinə getmişlər. Həmin vaxt Şəxs yolun kənarında dayanacağın yanında olmuş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər, barəsində şikayət olduğunu bildirmişlər və onu şöbəyə dəvət etmişlər, evində xəstəsi olduğunu, bizim arxamızca şöbəyə gələcəyini bildirmiş, lakin gəlməmişdir. Bu zaman onu məcburi şəkildə Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. Vətəndaş polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, zərərçəkmiş şəxs X2 şikayət ərizəsi ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir; xx.xx.2026-cı il tarixli raportda əsasən, barəsində olan şikayətlə əlaqədar Şəxs izahatının alınması üçün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim ediblər, həmin vaxt Şəxs heç bir əsaslı səbəb olmadan ünvanlı və ünvansız söyüşlər söyməyə başlamışdır. Ona görə də onlar Şəxs RPŞ-nə dəvət ediblər, lakin o polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq yanlarından qaçmaq istəyib və onlarla mübahisə etməyə başlayıb. Polis əməkdaşları Kürdəmir RPŞ-nin növbətçi hissəsinə məlumat verərək kömək istəyiblər, ondan sonra da polis əməkdaşları Şəxs məcburi RPŞ-nə gətirmişlər; xx.xx.2026-cı il tarixli, AZA 030520 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün inzibati qaydada tutulmuşdur; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs X2 və polis əməkdaşlarına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2026-cı il tarixdə Kürdəmir rayonu, Şilyan kənd ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 1 ədəd DVD diskə baxış zamanı səs yazmasından məlum olur ki, Şəxs telefon danışığı zamanı zərərçəkmişin ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İXM-nin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polisin qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmış, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətlərinə yol verilməsi sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun həmin maddə ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli raportda Şəxs Kürdəmir rayonunun Şilyan kənd ərazisində polisin qanuni tələblərinə tabe olmadığı, bununla da onun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs polisin qanuni tələbinə tabe olmadığı əsaslı sübutlarla təsdiq edilmişdir. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsiri öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibat xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs həbsdə saxlama müddətinin əvvəli 15 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar