Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-195/2026 06.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Qazax şəhəri, Ə.Seyidov küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 06 fevral 2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş 06 fevral 2026-cı il tarixli MN ******* və həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 06 fevral 2026-cı il tarixdə, saat 01:25 radələrində Qazax şəhəri Bakı küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs 06 fevral 2026-cı il tarixdə, saat 01:25 radələrində Qazax şəhəri Bakı küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs polis əməkdaşları tərəfindən sakitləşdirilməyə çalışılmış bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs həmin tarixdə Qazax Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs növbətçi hissənin saxlama otağında saxlanılarkən otaqda olan işıq plafonunu sındıraraq şüşə qırıntıları ilə öz bədəninə xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 bildirdi ki, Şəxs iş materialları ilə tanış olmuşdur. Lakin həmin anda aqressiv olduğundan sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510 və 535.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, 06 fevral 2026-cı il tarixdə əvvəllər tanıdığı bir nəfər xanımda olan əşyalarını almaq üçün Qazax şəhəri, Bakı küçəsinə getmişdir. Həmin vaxt əsəbi və sərxoş olduğu üçün nalayiq ifadələr işlətmişdir. Lakin bu nalayiq ifadələr ünvansız olmuş, yəni konkret şəxsə yönəlməmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Qazax RPŞ-nə dəvət etmişlər. O isə polis şöbəsinə getməyəcəyini bildirərək tabe olmamış, daha sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Polis Şöbəsində saxlama otağında olarkən əsəbi olduğu üçün bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Törətdiyi əməldən peşmandır və barəsində cərimə cəzasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 06 fevral 2026-cı il tarixdə saat 01:25 radələrində DİN-in 102 xidmətinə daxil olmuş məlumat ilə bağlı əməliyyat istintaq qrupu ilə Qazax şəhəri, Bakı küçəsinə getmişdir. Bu zaman şəxsiyyəti onlara sonradan məlum olmuş Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Şəxsə hərəkətlərini dayandırması bildirilsə də şəxs bu tələbə tabe olmamış və bundan sonra Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 06 fevral 2026-cı il tarixdə daxil olmuş məlumat əsasında əməliyyat istintaq qrupu ilə Qazax şəhəri, Bakı küçəsinə getmişlər. Bu zaman bir nəfər şəxsin küçədə ünvansız nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Şəxsə hərəkətlərini dayandırması və onlarla birlikdə Polis Şöbəsinə gəlməsi bildirilmişdir, lakin şəxs gəlmək istəmədiyini bildirərək tələbə tabe olmamışdır. Bu səbəbdən də, Şəxs Polis Şöbəsinə məcburi qaydada aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Aayvaz oğlu şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli Raportlardan görünür ki, 06 fevral 2026-cı il tarixdə saat 00:46 və 01:16 radələrində DİN-in “102” zəng xidmətindən daxil olmuş məlumatda X4 və X1 şəhəri, Bakı küçəsində yerləşən Göy binaların yaxınlığında İslam adlı şəxs tərəfindən narahat olunması barədə məlumat vermişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 fevral 2026-cı il tarixdə saat 01:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli 9 nömrəli, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 06 fevral 2026-cı il tarixdə orta dərəcəli sərxoş olmuşdur. xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında arayışından görünür ki, Şəxs barəsində Mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin pensiyaçı olması barədə məlumat mövcud deyildir. xx.xx.2026-cı il tarixli elektron məlumatlardan görünür ki, Şəxs əvvəllər məhkum edilmiş, şəxsin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 07 il 06 ay azadlıqdan məhrum etmə və 1750 manat cərimə cəzası, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il, 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi etirafedici izahatı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Onun sərxoş vəziyyətə inzibati xəta törətməsi onun məsuliyyətini ağırlaşıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 fevral 2026-cı il tarixdən saat 01:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-195/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-195/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver