Məhkəmə qərarları › İş №3(5-136)-203/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-203/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-203/2026 16.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi X1 İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 2 nəfər azyaşlı uşağı olan, Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 16 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 12 radələrində Qazax şəhəri ərazisində narkotik vasitə olan metamfetamin istehlak etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Qazax RPŞ-nin sahə rəisi X2 16 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Qazax rayonu Dəmirçilər kəndində yaşayır. Heç bir yerdə işləmir. Təxminən 10 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Heç bir əlilliyi yoxdur. Həqiqətən də xx.xx.2026-cı il tarixdə “patı” kimi bilinən narkotik vasitədən istifadə etmişdir. İstifadə etdikdən sonra Qazax şəhərinə gəlmiş, Qazax şəhəri “Göyçə” marketdən su və siqaret aldıqdan sonra, marketin qarşısında Qazax polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 fevral 2026-cı il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 14 fevral 2026-cı il tarixli 258 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 fevral 2026-cı il tarixli, 758/2026 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində AMP (metamfetamin) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzbati qaydada tutma protokolunda xx.xx.2026-cı il tarix qeyd edilsədə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda onun azadlığı məhdudlaşdırıldığı tarixdən yəni, xx.xx.2026-cı il saat 14:00-dan hesablanmalı, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı, Şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 fevral 2026-cı il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar