Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-204/2026 16.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 16 fevral 2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 16 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 yanvar 2026-cı il tarixdə saat 22:21-də Qazax rayonu, Xanlıqlar kəndində ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin İTBnin sahə rəisi X3 izahat verərək bildirdi ki, Şəxs 22 yanvar 2026-cı il tarixdə saat 22:21-də Qazax rayonu, Xanlıqlar kəndində özünə məxsus ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bunula bağlı DİN X1 Xidmətində Qazax RPŞ-nə rəsmi müraciət edilmiş, tədbir görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir, belə ki o xx.xx.2026-cı il tarixdə Qazax rayonu Xanlıqlar kəndində evində təmir işləri bitdikdən evi təmir edən usta ilə bir qədər spirtli içki içmişdir. Sipirtli içkinin təsiri altında DİN-nin 102 xidmətinə zəng edərək müraciəti qəbul edən operatorun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bir neçə gündən sonra polis əməkdaşları ona zəng edərək Qazax RPŞ-nə dəvət etmişdirlər eyni zamanda polis əməkdaşları onu dəvət etməmişdən əvvəl məlumat vermişlər ki, DİN-nin 102 xidmətinə zəng edərək operatoru təhqir etmişdir. Həmin vaxt içkili olduğundan baş verənləri tam xatırlamır. Törətdiyi əmələ görə peşmandır yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, DİN-nin X1 Xidmətindən daxil olmuş məktubdan və ona əlavə edilmiş CD diskdəsn müəyyən olunur ki, Qazax rayonu, Xanlıqlar kənd sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:21 dəqiqədə ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edib, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilən qanunvericiliyin və plenum qərarının tələbindən aşkar görünür ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində aşağıdakı qaydada göstərilmişdir: 510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 510.2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510.3. Bu Məcəllənin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını iş üzrə mövcud sübutlarla müqayisəli tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs DİN-in 102 qaynar xəttinə zəng edərək, xidməti vəzifəsini icra edən, yəni vətəndaşlardan daxil olan müraciətlərin qəbulunu və rəsmiləşdirilməsini həyata keçirməklə, ictimai faydalı xidməti yerinə yetirən operatorun ünvanına təhqiredici ifadələr işlətməklə, həmin dövlət orqanının normal fəaliyyətini pozmuş və nəhayət ictimai qaydanın təmin edilməsinə xələl gətirmişdir. Şəxs ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətləri kütləvi nümayiş etdirilməmiş, qaynar xəttdə qeydə alınan danışıqlar, xidməti vəzifəsini icra edən şəxslə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin arasında mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati protokolu tərtib edən şəxs Şəxs əməlinin hüquqi tövsifi zamanı səhvə yol vermişdir. Belə ki, Şəxs əməlində İXM-nin 510.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Ona görədə onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsindən həmin Məcəllənin 510.1-ci maddəsinə tövsif edilməli və Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-cu (inzibati həbs) maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, il ərzində ilk dəfə olaraq inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 fevral 2026-cı il tarixdən saat 09:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(5-136)-204/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-204/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver