Məhkəmə qərarları › İş №3(5-136)-207/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-207/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-207/2026 17.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu, Çaylı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş 17 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədi üzrə qalıq 2938 manat və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1234/2024 nömrəli icra sənədi üzrə 22839 manat pulu tələbkara ödəməmiş və icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya Şöbəsinin rəisi X2 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədinə əsasən Şəxs 3050 manat və inzibati xəta nəticəsində yaranmış 788 manat cərimə pulunun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi, xx.xx.2024-cü il tarixli, 2(023)- 1234/2024 nömrəli icra sənədinə əsasən isə 22680 manat məbləğində pul və 159 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Hər iki icra sənədi üzrə icraata başlanılmış və zəruri tədbirlər görülmüşdür. Həmçinin Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirli bilinərək inzibati həbs edilməsi qərara alınmışdır. Həmin vaxtdan bu günədək şəxsə dəfələrlə xəbərdarlıq edilmiş olsa da heç bir ödəniş edilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayon məhkəməsinin qətnaməsi üzrə yaranmış borcunu inkar etmir. Maddi imkanı yaxşı olmaması və borc məbləğinin çox olması səbəbindən borcunu tam şəkildə ödəyə bilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədinə əsasən Şəxs 3050 (üç min əlli) manat və inzibati xəta nəticəsində yaranmış 788 (yeddi yüz səksən səkkiz) manat cərimə pulunun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2020-ci il tarixli Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs məlumat verilmişdir. xx.xx.2021-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Qazax rayonu, Çaylı kəndində yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədinə əsasən Şəxs 22680 manat məbləğində pul və 159 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs məlumat verilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(023)-518/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 528.1-1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində zəruri icra tədbirləri görülməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir, bu səbəbdən də İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istər şəxsin izahatı, istərsə də məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiqini tapmışdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, hazırki vaxta olan yaranmış borc məbləğinin həddini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 17 fevral 2026-cı il tarixdən saat 17:20-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 fevral 2026-cı il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar