Məhkəmə qərarları › İş №3(5-136)-213/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-213/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-213/2026 05.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, xx.xx.1972-ci il tarixdə Gürcüstan Respublikası, Marnueli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, ev 18, mənzil 1-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 17 fevral 2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2026-cı il tarixdə saat 01:25 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn “SCANİA” markalı, 77HV116\99ZG116 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1972ci il təvəllüdlü, Şəxs (pasport:C********) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanlarına mütləq bəyan olunmalı hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanlarına mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı “SCANİA” markalı, 77HV116\99ZG116 nömrə nişanlı nəqliyyat vasitəsində kabinanın arxa hissəsində yerləşən yatağın üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd pnevmatik tapança, 7 ədəd ona məxsus qaz balonu, ona məxsus 300 ədəd güllə, 1 ədəd böyük ölçülü qandal, 1 ədəd kiçik ölçülü qandal, 2 ədəd üzərində “Cobra Aselsan” yazısı olan radio rabitə vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixdə gömrük yoxlaması haqqında protokoldan görünür ki, “SCANİA” markalı, 77HV116\99ZG116 nömrə nişanlı nəqliyyat vasitəsində kabinanın arxa hissəsində yerləşən yatağın üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd pnevmatik tapança, 7 ədəd ona məxsus qaz balonu, ona məxsus 300 ədəd güllə, 1 ədəd böyük ölçülü qandal, 1 ədəd kiçik ölçülü qandal, 2 ədəd üzərində “Cobra Aselsan” yazısı olan radio rabitə vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2026-cı il tarixli, 16/23 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, 4.5 mm kalibrli, “90-G24HP-038104” nömrəli, “OCEAN P92” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır, odlu, qaz, soyuq silah hesab edilmir və istifadəyə yararlıdır. Əlavə olaraq təqdim edilmiş balonlar zavod üsulu ilə istehsal edilmiş, 4.5 mm kalibrli, sıxılmış havanın təzyiqi iş prinsipinə malik, pnevmatik silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsidir və odlu, qaz, soyuq silah və onların hissələri hesab edilmirlər. Təqdim edilmiş plastikə oxşar materialdan hazırlanmış silindirik qutunun içərisində olan 500 (beş yüz) ədəd kürəcik zavod üsulu ilə istehsal edilmiş 4.5 mm kalibrli sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik silahın güllələridir və soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2026-cı il tarixli, 05-T nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş predmetlərin ümumi bazar dəyərinin 865 (səkkiz yüz altmış beş) AZN olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «SCANİA” markalı, 77HV116\99ZG116 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «SCANİA” markalı, 77HV116\99ZG116 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş üzrə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 865 manat dəyərində, 1 ədəd pnevmatik tapancayabənzər predmet, 7 ədəd ona məxsus qaz balonu, ona məxsus 300 ədəd güllə, 1 ədəd böyük ölçülü qandal, 1 ədəd kiçik ölçülü qandal, 2 ədəd üzərində “Cobra Aselsan” yazısı olan radio rabitə vasitəsi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 865 manat dəyərində 1 ədəd pnevmatik tapancayabənzər predmet, 7 ədəd ona məxsus qaz balonu, ona məxsus 300 ədəd güllə, 1 ədəd böyük ölçülü qandal, 1 ədəd kiçik ölçülü qandal, 2 ədəd üzərində “Cobra Aselsan” yazısı olan radio rabitə vasitəsi müsadirə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar