Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-255/2026 16.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qazax şəhəri, F.Qayıbov küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* və MN ******* nömrəli xx.xx.2026cı il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:15 radələrində Qazax şəhəri F.Qayıbov küçəsində ucadan səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yaşayan X3 xx.xx.2026-cı il tarixdə saat 23:33-də DİN-in “102” xidmətinə etdiyi müraciət əsasında Qazax RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri o, Qazax RPŞ-nin İTB-in XÜB ispektoru, polis polkovnik-leytenantı Şahid1, TB-nin təhqiqatçısı, polis mayoru Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və NH-nin sürücüsü, polis baş serjantı X5 şəhəri F.Qayıbov küçəsi, ev 39 ünvanına getmişlər. Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:15 radələrində Qazax şəhəri F.Qayıbov küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sərxoş vəziyyətdə olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 14 mart 2026-cı il tarixdə saat 00:15 radələrində yaşadığı evddə olan zaman onların ünvanına gəlmiş polis əməkdaşları ilə ucadan danışıb nalayiq ifadələr işlətmişdir. O, həmin vaxt həddən artıq sərxoş olduğu üçün nə etdiyini bilməmişdir, bu zaman Qazax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və nizamintizama dəvət etsələrdə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Törətdiyi əməldən peşmandır. Etdiyi əmələ görə üzrxahlıq etmişdir, himayəsində azyaşlı övladının olmasını və qarşıdan gələn Novruz bayramı münasibətilə barəsində yüngül tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, ünvan 2 ünvanında yaşayan X3 xx.xx.2026-cı il tarixdə saat 23:33-də DİN-in “102” xidmətinə etdiyi müraciət əsasında Qazax RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri TB-nin təhqiqatçısı, polis mayoru Şahid2, İTB-nin polis sahə rəisi, polis kapitanı Alı Əliyev, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və NH-nin sürücüsü, polis baş serjantı X5 şəhəri F.Qayıbov küçəsi, ev 39 ünvanına getmişlər. Həmin ünvanda olarkən Şəxs nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və nizam-intizama riayət etməyə çağırmışlar. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Bununla əlaqədar olaraq, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:30-da məcburi qaydada Qazax RPŞ-nə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Firudin oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici izahatı, şahidlərin izahatları və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2026-cı il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 14 nömrəli, xx.xx.2026-cı il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə aktından görünür ki, Şəxs 14 mart 2026-cı il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında arayışından görünür ki, Qədirov X1 elektron informasiya sistemində şəxsin pensiyaçı olması barədə məlumat mövcud deyildir. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında zamanı verdiyi etirafedici izahatı, şahidlərin məhkəmə iclasında verdikləri izahatlar və digər iş materialları ilə ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-cu (inzibati həbs) maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, il ərzində ilk dəfə olaraq inzibati xəta törətməsi, himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Sərxoş vəziyyətdə inzibati xətanı törətməsi iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilən qanunvericiliyin və plenum qərarının tələbindən aşkar görünür ki, barəsində inzibati icraat aparılan şəxsin inzibati qaydada tutulduğu müddət, məhkəmə tərəfindən onun barəsində inzibati tənbeh tətbiq edilərkən nəzərə alınması onun vəziyyətini yaxşılaşdıran hal olduğu üçün həmin qaydanın analogiya üzrə tətbiqi qanuna uyğun hesab edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2026-cı il tarixdən azadlığının faktiki məhdudlaşdırılması nəzərə alınaraq ona təyin edilmiş 200 (iki yüz) manat məbləğində inzibati tənbeh tədbiri yüngülləşdirilib 100 (bir yüz) manata endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2026-cı il tarixdən azadlığının faktiki məhdudlaşdırılması nəzərə alınaraq ona təyin edilmiş 200 (iki yüz) manat məbləğində inzibati tənbeh tədbiri yüngülləşdirilib 100 (bir yüz) manata endirilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(5-136)-255/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-255/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver